Bu qısa kurs sizə insan hüquqları haqqında əsas anlayışların
verilməsi məqsədi ilə nəzərdə tutulub. Kurs təxminən 45 dəqiqə
davam edəcək. Kurs istənilən şəxs üçün açıqdır, yaş məhdudiyyəti
yoxdur və hər hansı təhsil (o cümlədən, hüquq sahəsində) tələb
edilmir.
Kurs aşağıdakı məzmunu əhatə edir:
İnsan hüquqları nədir?
İnsan hüquqlarının əsas xüsusiyyətləri və prinsipləri
hansılardır
İnsan hüquqlarının qorunmasına kim cavabdehdir
Kursun nəticələri
Bu kursu bitirəndə:
İnsan hüquqları barədə anlayışınız daha geniş olacaq;
İnsan hüquqları və öhdəlikləri arasındakı əlaqəni daha yaxşı
biləcəksiniz;
İnsan hüquqlarının qorunması vasitələri haqqında daha məlumatlı
olacaqsınız
Giriş testi
Mövzu ilə bağlı yeni məlumat təqdim etməmişdən əvvəl, insan
hüquqları ilə bağlı bildiklərinizi yoxlayaq. Nəticələriniz heç
kimlə paylaşılmayacaq – bu test yalnız özünüz üçündür.
Bu, doğru və ya yanlış oyunudur. Ümumilikdə, 12 sual var. Hər
suala "doğru" və ya "yanlış", sonra isə "göndər" düyməsini
basaraq cavab verin.
Başlamaq üçün "BAŞLA" düyməsini
klikləyin.
BAŞLA
Bu gün biz insan hüquqlarının nə olduğunu, haradan gəldiyini və nə
üçün lazım olduğunu anlamağa çalışacağıq.
İnsan hüquqları həyatımızın elə ayrılmaz hissəsidir ki, onları hər
zaman təbii qəbul edirik. İnsan hüquqları ideyasının əsasında
dayanan iki başlıca dəyər: insan ləyaqəti və bərabərlikdir.
İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi
başa düşülə bilər; onların universallığı isə, ən azından bu sahədə
bütün insanların bərabər olması ilə bağlıdır. Biz onların arasında
ayrı-seçkilik etməməliyik və edə bilmərikdə. Bu iki inam və ya
dəyər, həqiqətən də, özünü insan hüquqları ideyasına həsr etmək üçün
tələb olunan hər şeyi əhatə edir və onlar mübahisəli deyil. Buna
görə də, insan hüquqları dünyadakı hər mədəniyyət, hər sivil hökumət
və hər əsas dindən dəstək alır. Demək olar ki, hər yerdə dövlət öz
gücünü məhdudiyyət qoyulmadan və ya birtərəfli qaydada tətbiq edə
bilməz; bütün insanların müəyyən minimum insan ləyaqəti tələblərinə
uyğun şəkildə yaşaya bilməsi üçün dövlətin gücünə müvafiq səviyyədə
məhdudiyyət qoyulur.
Bu iki fundamental dəyərdən bir çox digər dəyərlər çıxarıla və onlar
insanların və cəmiyyətlərin praktikada necə birgə mövcud olmasını
daha dəqiq şəkildə müəyyən etməyə kömək ola bilər. Məsələn, azadlıq:
çünki insan iradəsi insan ləyaqətinin mühüm tərkib hissəsidir.
İradəmizin əksinə nəyisə etməyə məcbur olunmaq bizi ruhdan salır.
Digərlərinə hörmət: çünki istənilən şəxsə qarşı hörmətin
çatışmazlığı onun fərdiliyinin və ləyaqətinin dəyərləndirilməməsinə
səbəb olur. Ayrı-seçkiliyə yol verilməməsi: çünki insan ləyaqəti ilə
bağlı bərabərlik o deməkdir ki, biz digər insanların hüquq və
imkanlarını onların xüsusiyyətləri əsasında mühakimə etməməliyik.
Dözümlülük: çünki dözümsüzlük fərqliliyə hörmətin çatışmaması
deməkdir; bərabərlik eynilik demək deyil. Ədalət: çünki bərabər
insanlar ədalətli rəftara layiqdir. Məsuliyyət: çünki digərlərinin
hüquqlarına hörmət şəxsin hərəkətlərində bütün hüquqların təmin
edilməsinə səy göstərilməsi ilə bağlı məsuliyyət doğurur.
İnsan hüquqları azadlıq, bərabərlik, qarşılıqlı hörmət və ədalət
kimi dəyərlərə əsaslanır. Bu dəyərlər təsadüfi seçilmir, çünki
insanın ləyaqətlə yaşaya biləcəyi şəraiti məhz onlar yaradır. İnsan
hüquqları üçün nəzərdə tutulan təsnifat bu hüquqları neqativ və
pozitiv hüquqlar olaraq ikiyə bölür. Neqativlik və pozitivlik yaxşı,
ya da pis olma mənasında deyil, çünki hüquq yaxşı və ya pis, ola
bilməz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı
nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz
qalıb müdaxilə etməməli (qarışmamalı), yoxsa tam əksinə, hüququ
təmin etmək üçün nəsə etməlidir?
Azadlıq hüququ, yaxud söz azadlığı baxımından dövlət müdaxilə
etməməli, sizin həyatınızaqarışmamalı və onun məmuru gəlib sizin
qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun
təmini üçün dövlət məktəb açmalı ya da kooperativ mənzillərin
tikintisinə şərait yaratmalıdır.
Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlar,
ikinci nəsil hüquqlar isə pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir
zamanlar düzgün hesab oluna bilərdi. Lakin İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin presedent hüququ neqativ hüquqlar baxımından da
dövlətin pozitiv öhdəliklərini bəyan etməyə başladı. Məsələn,
yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən
vətəndaşın həyatına qəsd etməməlidir, bu, neqativ öhdəlikdir. Lakin
əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb
edirsə, dövlətin həmin vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və
bu pozitiv öhdəlikdir. Ona görə də indi neqativ-pozitiv hüquq
təsnifatından daha çox, dövlətin neqativ və pozitiv öhdəliklərindən
bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat
yayma azadlığı kimi hüquqlara hələ də sırf neqativ hüquq kimi
yanaşmaq mümkündür.
Kurs aşağıdakı məzmunu əhatə edir:
Birinci nəsil (şəxsi (mülki)) hüquqlar:
Şəxsi (mülki) hüquqlar hər kəsə aiddir. Bu hüquqa vətəndaşlığından,
cinsindən, yaşından, irqi, etnik və ya dini mənsubiyyətindən asılı
olmayaraq, doğulduğu andan hər kəs sahibdir.
Şəxsi hüquqlara aşağıdakı hüquqlar aid edilir:
Yaşamaq hüququ;
Yalnız məhkəmə tərəfindən cəza almaq hüququ – məhkəmədən kənar
cəzalar qadağandır;
Şəxsiyyətin toxunulmazlığı;
Hərəkət və yaşayış yeri seçmək azadlığı;
Mənzil toxunulmazlığı;
Yazışma toxunulmazlığı;
Məcburi əməyin qadağan olunması;
Mülkiyyətin toxunulmazlığı (bəzən bu hüquq iqtisadi hüquqlara aid
edilir);
Şəxsin ləyaqət hüququ;
Vicdan və din azadlığı;
Şəxsiyyətin fərdi hüquqlarının tanınması;
Sığınacaq hüququ;
Vətəndaşlıq hüququ;
Ailə qurmaq hüququ;
Əmlaka sahib olmaq hüququ.
İkinci nəsil (siyasi) hüquqlar:
Vicdan azadlığı hüququ – vətəndaşların istədikləri dinə etiqad
etmək və ya heç bir dini qəbul etməmək hüququ;
Söz və mətbuat azadlığı – senzuraya qadağa;
Sərbəst toplaşmaq azadlığı – insanların öz düşüncələrini ifadə
etmək, təbliğ etmək, davam etdirmək və müdafiə etmək məqsədilə
siyasi və ictimai fəallığını həyata keçirmək azadlığı;
Tətil etmək hüququ – hər kəsin təkbaşına və ya başqaları ilə
birlikdə tətil etmək hüququ vardır;
Müraciət etmək hüququ – vətəndaşların dövlət orqanlarına şəxsən
müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər
göndərmək hüququ vardır;
Dövlətin idarə edilməsində iştirak etmək hüququ
Üçüncü nəsil (sosial-iqtisadi) hüquqlar:
Əmək hüququ;
Ailə hüququ, analıq hüququ, atalıq hüququ, uşaqlıq hüququ;
Sosial təminat hüququ;
Mülkiyyət hüququ;
Sağlamlığın qorunması və tibbi yardım hüququ;
Səkkiz saatlıq iş hüququ, ədalətli iş şəraiti, dəyəri bərabər
əməyə görə bərabər ödəniş hüququ.
İqtisadi hüquqlara azad sahibkarlıq hüququ, işəgötürənlər və işçilər
arasında kollektiv müqavilə bağlamaq hüququ, öz maraqlarının
müdafiəsi üçün milli və beynəlxalq təşkilatlarda müstəqil birləşmək
hüququ və s. hüquqlar aiddir.
Üçüncü nəsil (sosial-iqtisadi) hüquqların həcmi, həyata keçirilmə
səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və
ehtiyatlarından asılıdır. Buna görə də onların həyata keçirilməsinin
təminatları siyasi və mülki hüquqlarla müqayisədə daha az inkişaf
etmişdir.
Dördüncü nəsil (mədəni) hüquqlar: Mədəni hüquqlar insanın mənəvi
inkişafına təminat verir, hər bir fərdə siyasi, mənəvi, sosial və
mədəni tərəqqinin faydalı iştirakçısı olmaqda kömək edir
Mədəni hüquqlara aiddir:
Ana dilindən istifadə hüququ – hər kəsin ana dilindən istifadə
etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil
almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
Təhsil almaq hüququ – hər bir vətəndaşın təhsil almaq hüququ
vardır.
İncəsənət və elmlə məşğul olmaq azadlığı – hər kəs istədiyi növ
incəsənət və elmlə məşğul ola bilər.
Tədris etmək azadlığı.
Beşinci nəsil (ekoloji) hüquqlar:
Əlverişli ətraf mühit hüququ;
Ətraf mühitin vəziyyətinə dair etibarlı məlumatların əldə edilməsi
hüququ;
Ekoloji qanun pozuntuları nəticəsində sağlamlığa və ya əmlaka
dəyən ziyanın ödənilməsi hüququ.
Beləliklə, insan hüquqları insan ləyaqətini qoruyub saxlamaq, yəni
yaşamaq, öz həyatını müstəqil idarə etmək üçün əsas şərtləri təmin
edir
Təbii hüquq məktəbi ilə sıx bağlı olan təbii hüquqlar nəzəriyyəsinə
görə, insan hüquqları dövlətdən öncə var olub və ondan əvvəl gəlir.
Dövlət bunları yaratmır, ancaq müəyyən edir. Siyasi cəmiyyət
xaricində də bu hüquqlar olub və olmaqda davam edəcək. Bu hüquqlara
insan sırf insan olduğuna görə sahibdir. Ona görə də insan
hüquqlarına bəzən şəxsdən ayrılmaz hüquqlar deyilir. Dövlətdən əvvəl
və üstün olan hüquqdan bəhs edərkən, insan hüquqlarının hamısı bu
mahiyyətdə deyil. Bəzi hüquqlar bizə dövlət tərəfindən verilir və
dövlət olmadan bu hüquqların təmin edilməsi mümkün deyil. Bu
hüquqlara iqtisadi və sosial hüquqlar aiddir. Bu hüquqlar da insanın
cəmiyyət halında yaşaması, ləyaqətli şəkildə şəxsiyyət kimi
formalaşması üçün tələb olunan hüquqlardır. İnsan hüquqlarının
xüsusiyyətlərindən biri də, bu hüquqların ayrılmaz, imtina oluna
bilməz və başqasına keçməyən hüquq olmasıdır, insan hüquqları
bölünməz, qarşılıqlı asılı və əlaqəlidir, insan hüquqları
universaldır (hər yerdə tətbiq edilir). Gəlin, bu anlayışların daha
detallı izahı ilə tanış olaq.
İnsan hüquqları alına bilməz
Belə olmasının səbəbi insanın insan olmasından irəli gəlir. Məsələn,
yaşamaq hüququ ayrılmaz olduğuna görə, hətta ağır cinayət törətmiş
şəxslərin belə həyatı alına bilməz.
Digər bir misal, əgər hansısa şəxs cinayət törətməkdə təqsirli
bilinərsə, onun azadlıq hüququ müvəqqəti əlindən alına bilər; yaxud
milli fövqəladə halla bağlı hökumət bəyan etməklə müəyyən hüquqların
təmin olunmasını dayandıra bilər, məsələn, komendant saatı tətbiq
etməklə hərəkət azadlığını məhdudlaşdıra bilər.
Dünyada insan hüquqlarının əsas mənbələrindən biri sayılan Mülki və
Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt bir sıra hüquqların
aşağıdakı hallarda məhdudlaşdırılmasının mümkünlüyüni qeyd edir:
Milli təhlükəsizlik;
ictimai asayişin təmin olunması;
əhalinin sağlamlığının qorunması;
ictimai əxlaqın qorunması;
başqalarının hüquq və azadlıqlarının qorunması
Misal üçün, qeyd edilən hallar olduqda aşağıdakı hüquqlar
məhdudlaşdırıla bilər:
Hərəkət azadlığı;
Öz dininə və ya əqidəsinə etiqad etmək azadlığı;
İfadə azadlığı
Sərbəst toplaşmaq azadlığı;
Vətəndaş olmayan şəxsin ölkədən çıxarılması;
Birləşmək azadlığı;
Mətbuatın və ictimaiyyətin cinayət və ya mülki mühakimə
icraatından kənarlaşdırılması və sair.
İnsan hüquqları bölünməz, qarşılıqlı asılı və əlaqəlidir
Bu, o deməkdir ki, müxtəlif insan hüquqları daxilən bir-biri ilə
əlaqəlidir və bir-birindən ayrı nəzərdən keçirilə bilməz.
Bir hüququn təmin olunması bir çox digər hüquqlardan da asılıdır və
heç bir insan hüququ digərlərindən daha əhəmiyyətli deyil.
İnsan hüquqları universaldır
Bu, deməkdir ki, insan hüquqları dünyadakı bütün insanlara vaxt
məhdudiyyəti qoyulmadan bərabər şəkildə şamil olunur. Hər bir
insanın “irqi” və ya etnik mənşəyi, dərisinin rəngi, cinsi,
əlilliyi, dili, dini, siyasi və ya digər baxışları, milli və ya
sosial mənşəyi, anadanolma və ya digər statusuna görə fərq
qoyulmadan öz hüquqlarından istifadə etmək haqqı vardır. Bəzi insan
hüquqları digərləri ilə rəqabət aparır. Belə hallarda hüquqların
bir-birinə qarşı balanslaşdırılması tələb oluna bilər. Bununla belə,
heç bir halda məhdudlaşdırıla, dayandırıla və alına bilməyən
hüquqlar (mütləq hüquqlar) aşağıdakılardır:
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan
rəftar və ya cəzaya məruz qalmamaq hüququ;
Köləlikdən azad olmaq;
Müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə həbsdən azad olunma;
Cinayət qanununun geriyə qüvvəsinin olmaması;
Qanun qarşısında bərabərlik.
İnsan hüquqlarının tarixi
İnsan hüquqları tarix boyu inkişaf edib. Gəlin, tarixə aid bir neçə
mühit insan hüquqları sənədləri ilə tanış olaq:
Kir Xartiyası (İran, təqribən eramızdan əvvəl 539-cu il) Fars
hökmdarı Kir tərəfindən ölkəsinin xalqı üçün tərtib edilmişdi.
Xartiya xalqın azadlıq və təhlükəsizlik hüququnu, dini
dözümlülüyü, hərəkət azadlığını, köləlikdən azadlığı, müəyyən
sosial və iqtisadi hüquqlarını tanıyırdı.
1215-ci ildə İngiltərə zadəganları və ruhani təbəqənin üzvləri
Azadlıqların Böyük Xartiyasını (Maqna Karta) hazırlamaqla
İngiltərə Kralını qanuna əməl etməyə məcbur etdilər. Maqna Karta
yalnız imtiyazlı təbəqənin (zadəganların) hüquqlarını qoruyurdu,
buna görə də, özlüyündə insan hüquqları barəsində deyildi. Bu
sənəd kralın gücünə məhdudiyyət qoyduğundan və digər insanların
hüquq və azadlıqlarını tanıdığından azadlıqların müdafiəsi zamanı
geniş şəkildə istinad edilən mənbəyə çevrildi.
1689-cu ildə İngiltərə parlamenti Bill (qanun) qəbul etdi.
Hüquqlar Billi kimi tanınan bu sənəd monarxın Parlamentin razılığı
olmadan qanunu ləğv etməsini qadağan etdi, Parlament üzvlərinin
azad seçkilərlə seçiləcəyini müəyyənləşdirdi, eləcə də
Parlamentdə, məhkəmələrdə və ya digər yerlərdə söz azadlığının
sual altına alına bilməyəcəyini bəyan etdi.
1776-cı ildə Şimali Amerikadakı əksər Britaniya müstəmləkələri
Birləşmiş Ştatların Azadlıq Bəyannaməsində Britaniya
İmperiyasından öz müstəqilliklərini elan etdilər. Bəyannamədə
hökumət gücünün saxlanması və azadlığın qorunmasının vacibliyi
inamına əsaslanmaqla müvafiq anlayışların inkişaf etdirilməsi
təmin olundu: ayrılmaz hüquqlar; fərdi hüquqların qorunması; söz,
mətbuat, petisiya və toplaşmaq azadlığı; qanun qarşısında
bərabərlik və din azadlığı.
Ən vacib sənədlərdən biri İnsan Hüquqları haqqında Bəyannamə
(İHÜB) 1948-ci il dekabrın 10-da BMT Baş Assambleya tərəfindən
qəbul olunmuşdur. Hüquqi cəhətdən öhdəlik yaratmasa da, İHÜB
milli, regional və ya beynəlxalq səviyyədə insan hüquqları üzrə
çoxsaylı öhdəliklər üçün ilham qaynağı olmuşdur.
Azərbaycanda insan hüquqlarının təminatı
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyasında insan və
vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin
ali məqsədi kimi bəyan edilmişdir (maddə 12). Konstitusiyanın «Əsas
insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəslinin
(24-72 maddələr) bütün mətni insana, insan ləyaqətinə, insan
hüquqlarına hörmət ruhunda tərtib olunmuşdur.
Konstitusiyanın 24-cü maddəsində insan və vətəndaş hüquqlarının və
azadlıqlarının əsas prinsipləri sadalanır:
İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz
hüquqları və azadlıqları vardır.
Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər
qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Hüquqlardan sui-istifadəyə yol verilmir.
Bundan başqa, Konstitusiyamızda onlarca hüquq əks olunub (yaşamaq
hüququ, bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının müdafiəsi hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və
s.). Bu hüquqların təmin edilməsi üçün hüquq-mühafizə orqanları,
məhkəmələr, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və digər
qurumlar yaradılmışdır.
İnsan hüquqlarınız pozulduğu halda, nə etməli olduğunuzu
bilirsinizmi?
Hüquqlarınız pozulduğu təqdirdə inzibati və hüquqi mexanizmlərdən
istifadə edə bilərsiniz:
Daxili İşlər Nazirliyi (polis);
Ombudsman;
məhkəmələr;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
vətəndaş cəmiyyəti qurumları;
kütləvi informasiya vasitələri və s.
Hər bir ölkədə insanlar öz pozulmuş hüquqlarını təkcə məhkəmələrə
müraciət etməklə bərpa etmirlər. Hər bir ölkənin konstitusiyasında,
yaxud müvafiq normativ sənədlərində insanların müxtəlif dövlət
orqanlarına ərizə və şikayətlə müraciət etmək hüququ təsbit olunur.
Hər bir şəxs fərdi qaydada, yaxud başqaları ilə birlikdə istənilən
dövlət orqanına və vəzifəli şəxsə müraciət etməklə öz pozulmuş
hüququnu bərpa edə, yaxud hər hansı bir problemlə bağlı təklif verə
bilər. Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin
birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv
yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə
qanunla müəyyən edilmiş qaydada və müddətlərdə (30 günədək) yazılı
cavab verilməlidir. Vətəndaşların dövlət orqanlarına müraciətləri
ilə bağlı məsələlər «Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında» Qanunla tənzimlənir.
Qeyd etmək lazımdır ki, vətəndaşlar inzibati xətalar haqqında işlər
üzrə icraat qaydasında da müvafiq dövlət orqanlarına müraciət edərək
pozulmuş hüquq və azadlıqlarının bərpasını tələb edə bilərlər (bu
məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir).