Dərs 1
İnsan hüquqları nədir?
Bu gün biz insan hüquqlarının nə olduğunu, haradan gəldiyini və nə üçün lazım olduğunu anlamağa çalışacağıq.
İnsan hüquqları həyatımızın elə ayrılmaz hissəsidir ki, onları hər zaman təbii qəbul edirik. İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər: insan ləyaqəti və bərabərlikdir.
İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər; onların universallığı isə, ən azından bu sahədə bütün insanların bərabər olması ilə bağlıdır. Biz onların arasında ayrı-seçkilik etməməliyik və edə bilmərikdə. Bu iki inam və ya dəyər, həqiqətən də, özünü insan hüquqları ideyasına həsr etmək üçün tələb olunan hər şeyi əhatə edir və onlar mübahisəli deyil. Buna görə də, insan hüquqları dünyadakı hər mədəniyyət, hər sivil hökumət və hər əsas dindən dəstək alır. Demək olar ki, hər yerdə dövlət öz gücünü məhdudiyyət qoyulmadan və ya birtərəfli qaydada tətbiq edə bilməz; bütün insanların müəyyən minimum insan ləyaqəti tələblərinə uyğun şəkildə yaşaya bilməsi üçün dövlətin gücünə müvafiq səviyyədə məhdudiyyət qoyulur.
Bu iki fundamental dəyərdən bir çox digər dəyərlər çıxarıla və onlar insanların və cəmiyyətlərin praktikada necə birgə mövcud olmasını daha dəqiq şəkildə müəyyən etməyə kömək ola bilər. Məsələn, azadlıq: çünki insan iradəsi insan ləyaqətinin mühüm tərkib hissəsidir. İradəmizin əksinə nəyisə etməyə məcbur olunmaq bizi ruhdan salır. Digərlərinə hörmət: çünki istənilən şəxsə qarşı hörmətin çatışmazlığı onun fərdiliyinin və ləyaqətinin dəyərləndirilməməsinə səbəb olur. Ayrı-seçkiliyə yol verilməməsi: çünki insan ləyaqəti ilə bağlı bərabərlik o deməkdir ki, biz digər insanların hüquq və imkanlarını onların xüsusiyyətləri əsasında mühakimə etməməliyik. Dözümlülük: çünki dözümsüzlük fərqliliyə hörmətin çatışmaması deməkdir; bərabərlik eynilik demək deyil. Ədalət: çünki bərabər insanlar ədalətli rəftara layiqdir. Məsuliyyət: çünki digərlərinin hüquqlarına hörmət şəxsin hərəkətlərində bütün hüquqların təmin edilməsinə səy göstərilməsi ilə bağlı məsuliyyət doğurur.
İnsan hüquqları azadlıq, bərabərlik, qarşılıqlı hörmət və ədalət kimi dəyərlərə əsaslanır. Bu dəyərlər təsadüfi seçilmir, çünki insanın ləyaqətlə yaşaya biləcəyi şəraiti məhz onlar yaradır. İnsan hüquqları üçün nəzərdə tutulan təsnifat bu hüquqları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölür. Neqativlik və pozitivlik yaxşı, ya da pis olma mənasında deyil, çünki hüquq yaxşı və ya pis, ola bilməz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməli (qarışmamalı), yoxsa tam əksinə, hüququ təmin etmək üçün nəsə etməlidir?
Azadlıq hüququ, yaxud söz azadlığı baxımından dövlət müdaxilə etməməli, sizin həyatınıza qarışmamalı və onun məmuru gəlib sizin qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun təmini üçün dövlət məktəb açmalı ya da kooperativ mənzillərin tikintisinə şərait yaratmalıdır.
Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlar, ikinci nəsil hüquqlar isə pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklərini bəyan etməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməlidir, bu, neqativ öhdəlikdir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin həmin vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu pozitiv öhdəlikdir. Ona görə də indi neqativ-pozitiv hüquq təsnifatından daha çox, dövlətin neqativ və pozitiv öhdəliklərindən bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.