“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs

“İnsan hüquqlarına giriş” mövzusunda onlayn kurs

“İnsan Hüquqlarına giriş” mövzusunda onlayn kursun yaradılmasında Australian Human Rights Commission modelindən istifadə edilmişdir.

Giriş testi


Mövzu ilə bağlı yeni məlumat təqdim etməmişdən əvvəl, insan hüquqları ilə bağlı bildiklərinizi yoxlayaq. Nəticələriniz heç kimlə paylaşılmayacaq – bu test yalnız özünüz üçündür.
Bu, doğru və ya yanlış oyunudur. Ümumilikdə, 12 sual var. Hər suala "doğru" və ya "yanlış", sonra isə "göndər" düyməsini basaraq cavab verin.
Başlamaq üçün "BAŞLA" düyməsini klikləyin.
BAŞLA
Bu gün biz insan hüquqlarının nə olduğunu, haradan gəldiyini və nə üçün lazım olduğunu anlamağa çalışacağıq.
İnsan hüquqları həyatımızın elə ayrılmaz hissəsidir ki, onları hər zaman təbii qəbul edirik. İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər: insan ləyaqəti və bərabərlikdir.
İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər; onların universallığı isə, ən azından bu sahədə bütün insanların bərabər olması ilə bağlıdır. Biz onların arasında ayrı-seçkilik etməməliyik və edə bilmərikdə. Bu iki inam və ya dəyər, həqiqətən də, özünü insan hüquqları ideyasına həsr etmək üçün tələb olunan hər şeyi əhatə edir və onlar mübahisəli deyil. Buna görə də, insan hüquqları dünyadakı hər mədəniyyət, hər sivil hökumət və hər əsas dindən dəstək alır. Demək olar ki, hər yerdə dövlət öz gücünü məhdudiyyət qoyulmadan və ya birtərəfli qaydada tətbiq edə bilməz; bütün insanların müəyyən minimum insan ləyaqəti tələblərinə uyğun şəkildə yaşaya bilməsi üçün dövlətin gücünə müvafiq səviyyədə məhdudiyyət qoyulur.
Bu iki fundamental dəyərdən bir çox digər dəyərlər çıxarıla və onlar insanların və cəmiyyətlərin praktikada necə birgə mövcud olmasını daha dəqiq şəkildə müəyyən etməyə kömək ola bilər. Məsələn, azadlıq: çünki insan iradəsi insan ləyaqətinin mühüm tərkib hissəsidir. İradəmizin əksinə nəyisə etməyə məcbur olunmaq bizi ruhdan salır. Digərlərinə hörmət: çünki istənilən şəxsə qarşı hörmətin çatışmazlığı onun fərdiliyinin və ləyaqətinin dəyərləndirilməməsinə səbəb olur. Ayrı-seçkiliyə yol verilməməsi: çünki insan ləyaqəti ilə bağlı bərabərlik o deməkdir ki, biz digər insanların hüquq və imkanlarını onların xüsusiyyətləri əsasında mühakimə etməməliyik. Dözümlülük: çünki dözümsüzlük fərqliliyə hörmətin çatışmaması deməkdir; bərabərlik eynilik demək deyil. Ədalət: çünki bərabər insanlar ədalətli rəftara layiqdir. Məsuliyyət: çünki digərlərinin hüquqlarına hörmət şəxsin hərəkətlərində bütün hüquqların təmin edilməsinə səy göstərilməsi ilə bağlı məsuliyyət doğurur.
İnsan hüquqları azadlıq, bərabərlik, qarşılıqlı hörmət və ədalət kimi dəyərlərə əsaslanır. Bu dəyərlər təsadüfi seçilmir, çünki insanın ləyaqətlə yaşaya biləcəyi şəraiti məhz onlar yaradır. İnsan hüquqları üçün nəzərdə tutulan təsnifat bu hüquqları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölür. Neqativlik və pozitivlik yaxşı, ya da pis olma mənasında deyil, çünki hüquq yaxşı və ya pis, ola bilməz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməli (qarışmamalı), yoxsa tam əksinə, hüququ təmin etmək üçün nəsə etməlidir?
Azadlıq hüququ, yaxud söz azadlığı baxımından dövlət müdaxilə etməməli, sizin həyatınızaqarışmamalı və onun məmuru gəlib sizin qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun təmini üçün dövlət məktəb açmalı ya da kooperativ mənzillərin tikintisinə şərait yaratmalıdır.
Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlar, ikinci nəsil hüquqlar isə pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklərini bəyan etməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməlidir, bu, neqativ öhdəlikdir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin həmin vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu pozitiv öhdəlikdir. Ona görə də indi neqativ-pozitiv hüquq təsnifatından daha çox, dövlətin neqativ və pozitiv öhdəliklərindən bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.
Kurs aşağıdakı məzmunu əhatə edir:
Birinci nəsil (şəxsi (mülki)) hüquqlar:
Şəxsi (mülki) hüquqlar hər kəsə aiddir. Bu hüquqa vətəndaşlığından, cinsindən, yaşından, irqi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, doğulduğu andan hər kəs sahibdir.
Şəxsi hüquqlara aşağıdakı hüquqlar aid edilir:
İkinci nəsil (siyasi) hüquqlar:
Üçüncü nəsil (sosial-iqtisadi) hüquqlar:
İqtisadi hüquqlara azad sahibkarlıq hüququ, işəgötürənlər və işçilər arasında kollektiv müqavilə bağlamaq hüququ, öz maraqlarının müdafiəsi üçün milli və beynəlxalq təşkilatlarda müstəqil birləşmək hüququ və s. hüquqlar aiddir.
Üçüncü nəsil (sosial-iqtisadi) hüquqların həcmi, həyata keçirilmə səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır. Buna görə də onların həyata keçirilməsinin təminatları siyasi və mülki hüquqlarla müqayisədə daha az inkişaf etmişdir.
Dördüncü nəsil (mədəni) hüquqlar: Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər bir fərdə siyasi, mənəvi, sosial və mədəni tərəqqinin faydalı iştirakçısı olmaqda kömək edir
Mədəni hüquqlara aiddir:
Beşinci nəsil (ekoloji) hüquqlar:
Beləliklə, insan hüquqları insan ləyaqətini qoruyub saxlamaq, yəni yaşamaq, öz həyatını müstəqil idarə etmək üçün əsas şərtləri təmin edir
Təbii hüquq məktəbi ilə sıx bağlı olan təbii hüquqlar nəzəriyyəsinə görə, insan hüquqları dövlətdən öncə var olub və ondan əvvəl gəlir.
Dövlət bunları yaratmır, ancaq müəyyən edir. Siyasi cəmiyyət xaricində də bu hüquqlar olub və olmaqda davam edəcək. Bu hüquqlara insan sırf insan olduğuna görə sahibdir. Ona görə də insan hüquqlarına bəzən şəxsdən ayrılmaz hüquqlar deyilir. Dövlətdən əvvəl və üstün olan hüquqdan bəhs edərkən, insan hüquqlarının hamısı bu mahiyyətdə deyil. Bəzi hüquqlar bizə dövlət tərəfindən verilir və dövlət olmadan bu hüquqların təmin edilməsi mümkün deyil. Bu hüquqlara iqtisadi və sosial hüquqlar aiddir. Bu hüquqlar da insanın cəmiyyət halında yaşaması, ləyaqətli şəkildə şəxsiyyət kimi formalaşması üçün tələb olunan hüquqlardır. İnsan hüquqlarının xüsusiyyətlərindən biri də, bu hüquqların ayrılmaz, imtina oluna bilməz və başqasına keçməyən hüquq olmasıdır, insan hüquqları bölünməz, qarşılıqlı asılı və əlaqəlidir, insan hüquqları universaldır (hər yerdə tətbiq edilir). Gəlin, bu anlayışların daha detallı izahı ilə tanış olaq.
İnsan hüquqları alına bilməz
Belə olmasının səbəbi insanın insan olmasından irəli gəlir. Məsələn, yaşamaq hüququ ayrılmaz olduğuna görə, hətta ağır cinayət törətmiş şəxslərin belə həyatı alına bilməz.
Digər bir misal, əgər hansısa şəxs cinayət törətməkdə təqsirli bilinərsə, onun azadlıq hüququ müvəqqəti əlindən alına bilər; yaxud milli fövqəladə halla bağlı hökumət bəyan etməklə müəyyən hüquqların təmin olunmasını dayandıra bilər, məsələn, komendant saatı tətbiq etməklə hərəkət azadlığını məhdudlaşdıra bilər.
Dünyada insan hüquqlarının əsas mənbələrindən biri sayılan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt bir sıra hüquqların aşağıdakı hallarda məhdudlaşdırılmasının mümkünlüyüni qeyd edir:
Misal üçün, qeyd edilən hallar olduqda aşağıdakı hüquqlar məhdudlaşdırıla bilər:
  1. Hərəkət azadlığı;
  2. Öz dininə və ya əqidəsinə etiqad etmək azadlığı;
  3. İfadə azadlığı
  4. Sərbəst toplaşmaq azadlığı;
  5. Vətəndaş olmayan şəxsin ölkədən çıxarılması;
  6. Birləşmək azadlığı;
  7. Mətbuatın və ictimaiyyətin cinayət və ya mülki mühakimə icraatından kənarlaşdırılması və sair.
İnsan hüquqlarının əsas mənbələrindən digəri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasıdır (bundan sonra AİHK) ki, bu beynəlxalq sənəddə də məhdudlaşdırıla bilinən və bilinməyən hüquqlar öz əksini tapıb.
İnsan hüquqları bölünməz, qarşılıqlı asılı və əlaqəlidir
Bu, o deməkdir ki, müxtəlif insan hüquqları daxilən bir-biri ilə əlaqəlidir və bir-birindən ayrı nəzərdən keçirilə bilməz.
Bir hüququn təmin olunması bir çox digər hüquqlardan da asılıdır və heç bir insan hüququ digərlərindən daha əhəmiyyətli deyil.
İnsan hüquqları universaldır
Bu, deməkdir ki, insan hüquqları dünyadakı bütün insanlara vaxt məhdudiyyəti qoyulmadan bərabər şəkildə şamil olunur. Hər bir insanın “irqi” və ya etnik mənşəyi, dərisinin rəngi, cinsi, əlilliyi, dili, dini, siyasi və ya digər baxışları, milli və ya sosial mənşəyi, anadanolma və ya digər statusuna görə fərq qoyulmadan öz hüquqlarından istifadə etmək haqqı vardır. Bəzi insan hüquqları digərləri ilə rəqabət aparır. Belə hallarda hüquqların bir-birinə qarşı balanslaşdırılması tələb oluna bilər.
Bəzi hüquqlar “mütləq”dir, belə ki, onların təmin olunmasında geri çəkilməyə və ya məhdudiyyət qoyulmasına yol verilmir, məsələn, işgəncənin qadağan olunması. AİHK-ə əsasən heç bir halda məhdudlaşdırıla, dayandırıla və alına bilməyən hüquqlar (mütləq hüquqlar) aşağıdakılardır:
  1. Yaşamaq hüququ (AİHK-in 2-ci maddəsi);
  2. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi);
  3. Köləlikdən azad olmaq hüququ (Heç kəs köləlikdə və ya asılılıqda saxlanmamalıdır). (AİHK-in 4.1-ci maddəsi);
  4. Qanunsuz cəzalandırılmamaq (AİHK-in 7-ci maddəsi).
Bu kateqoriyadakı hüquqlar heç bir halda, hətta müharibə vaxtında belə pozula bilməz. Bu kateqoriyaya AİHK-in 2, 3, 4(1) və 7 saylı Maddələri daxildir. Konvensiyanın 15 saylı Maddəsi fövqəladə hallarda müəyyən hüquqların qismən məhdudlaşdırmasını ümumi şəkildə təsvir edir, lakin bəzi hüquqların heç bir halda heç zaman pozula bilməməsini aydın şəkildə bildirir. AİHK-in 13 saylı Protokolunu ratifikasiya etmiş Dövlətlər üçün ölüm cəzası dinc və müharibə vaxtında ləğv edilmişdir.
İnsan hüquqlarının tarixi
İnsan hüquqları tarix boyu inkişaf edib. Gəlin, tarixə aid bir neçə mühit insan hüquqları sənədləri ilə tanış olaq:
İnsan hüquqlarının müdafiəsi ilə məşqul olan beynəlxalq qurumlar
İnsan hüquqlarının müdafiəsi ilə Birləşmiş Millətlər Təşkilatı (BMT), onun bir sıra orqanları və fondları məşğul olur. BMT universal insan hüquqlarına dair normaların universal qəbul edilən beynəlxalq yurisdiksiyasına malik yeganə çoxtərəfli hökumət təşkilatıdır. BMT-nin insan haqları ilə bağlı ən yüksək vəzifəli orqanı İnsan Hüquqları üzrə Ali Komissarlıqdır. İnsan hüquqlarının spesifik sahələri ilə məşğul olan BMT-nin müxtəlif təşkilatlarından UNICEF-i (BMT-nin Uşaq Fondunu)  misal gətirmək olar. UNİCEF 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilatdır. Bundan başqa insan hüquqlarını tənzimləyən və təşviq edən bir sıra regional təşkilatlar var. Məsələn, Afrika İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Avropa Şurası və digərləri.
Azərbaycanda insan hüquqlarının təminatı
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir (maddə 12). Konstitusiyanın «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəslinin (24-72 maddələr) bütün mətni insana, insan ləyaqətinə, insan hüquqlarına hörmət ruhunda tərtib olunmuşdur.
Konstitusiyanın 24-cü maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri sadalanır:
  1. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
  2. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
  3. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
Bundan başqa, Konstitusiyamızda onlarca hüquq əks olunub (yaşamaq hüququ, bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və s.). Bu hüquqların təmin edilməsi üçün hüquq-mühafizə orqanları, məhkəmələr, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və digər qurumlar yaradılmışdır.
İnsan hüquqlarınız pozulduğu halda, nə etməli olduğunuzu bilirsinizmi?
Hüquqlarınız pozulduğu təqdirdə inzibati və hüquqi mexanizmlərdən istifadə edə bilərsiniz:
Hər bir ölkədə insanlar öz pozulmuş hüquqlarını təkcə məhkəmələrə müraciət etməklə bərpa etmirlər. Hər bir ölkənin konstitusiyasında, yaxud müvafiq normativ sənədlərində insanların müxtəlif dövlət orqanlarına ərizə və şikayətlə müraciət etmək hüququ təsbit olunur. Hər bir şəxs fərdi qaydada, yaxud başqaları ilə birlikdə istənilən dövlət orqanına və vəzifəli şəxsə müraciət etməklə öz pozulmuş hüququnu bərpa edə, yaxud hər hansı bir problemlə bağlı təklif verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə (30 günədək) yazılı cavab verilməlidir. Vətəndaşların dövlət orqanlarına müraciətləri ilə bağlı məsələlər «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Qanunla tənzimlənir.
Qeyd etmək lazımdır ki, vətəndaşlar inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında da müvafiq dövlət orqanlarına müraciət edərək pozulmuş hüquq və azadlıqlarının bərpasını tələb edə bilərlər (bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir).