“İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları” mövzusunda videokonfrans keçirilib

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutun (MDB PAA DİMBİ) Bakı filialı tərəfindən iyunun 30-da “İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları” mövzusunda videokonfrans keçirilib.
videokonfransda Milli Məclisin deputatları, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Baş katibinin müavini, Azərbaycanın dövlət qurumlarının nümayəndələri, QHT və KİV təmsilçiləri, o cümlədən tələbə, gənclər təşkilatların və MDB PAA DİMBİ Bakı filialının əməkdaşları iştirak ediblər.
Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunu bu elmi qurumun Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri Cahangir Cahangirli təmsil edib.
MDB PAA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov videokonfransı açaraq rəhbərlik etdiyi qurum tərəfindən cari ildə “İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları” adlı elmi-araşdırma işinin aparıldığını, ölkəmizdə iradə, ifadə və söz azadlığı, bu azadlıqların təmin olunması istiqamətində yaradılan normativ baza, həyata keçirilən dövlət proqramları və islahatlar, onların nəticələri, beynəlxalq əməkdaşlıq təcrübəsinin təhlil edilərək Bakı filialı tərəfindən ümumiləşdirildiyini, geniş hesabat şəklinə salınaraq iki dildə tərtib edildiyini diqqətə çatdırıb.
Tədbir MDB PAA DİMBİ-nin direktoru İvan İliç Muşketin konfrans iştirakçılarına müraciətinin oxunması ilə davam edib.
Sonra çıxış edən Milli Məclisin deputatları Aydın Mirzəzadə və Könül Nurullayeva ifadə və söz azadlığının təmin olunmasında Azərbaycanın keçdiyi yol, qanunverici orqan tərəfindən qəbul edilən normativ sənədlər barədə geniş məlumat veriblər.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Talqat Aduov TÜRKPA-nın müvafiq sahədə fəaliyyəti, qurum tərəfindən həyata keçirilən seçkiləri müşahidə təcrübəsi barədə məruzə ilə çıxış edib.
Cahangir Cahangirli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekan müavini Sərxanbəy Xudiyev, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov isə çıxışlarında KİV-lərdə söz azadlığının inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər, sosial şəbəkələrdə söz azadlığı, təcrübədə ifadə və söz azadlığının məhdudiyyətləri, sərhədləri və təminatları barədə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə iradə ifadə edilməsi azadlığı, seçkilər və referendumların təşkili və keçirilməsində AVCİYA-nın təcrübəsi, eləcə də müvafiq sahələrdə beynəlxalq təşkilatlarla iş təcrübəsinə dair məlumat veriblər.
Videokonfrans qarşılıqlı diskussiya və maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.


Опубликовано : 03-07-2021

Просмотры : 3