Erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki abidələrimizin vandalizmə uğradılması faktları araşdırılır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə uğradılması faktlarının indiyə qədər ictimaiyyətə məlum olmayan tərəflərini araşdırıb.
UNESCO-nun Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə aparılan geniş araşdırma işinin məhsulu olan “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı dörd dildə - Azərbaycan, ingilis, rus və fransız dillərində hazırlanaraq nəşr edilib. Həmçinin “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarix və memarlıq abidələrinin kataloqu” Azərbaycan, ingilis, fransız və rus dillərindən ibarət olmaqla toplu şəklində çap olunub.
Sözügedən nəşrlərin hazırlanmasında əsas məqsəd, çap məhsullarını Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlikləri vasitəsilə yaymaq, Dağlıq Qarabağla bağlı həqiqətlərin, xüsusən də işğal altındakı tarixi şəhərlərimiz və abidələrimizə qarşı törədilən vandalizmlə bağlı gerçəkliyin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir.
Xatırladaq ki, müvafiq araşdırma Hüquq və İnsan Haqları İnstitutunda 2016-cı ildən başlanılıb və bu gün də davam etdirilir.


Опубликовано : 21-07-2020

Просмотры : 0