Hüquq və İnsan Haqları İnstitutunda “Müsəlman hüququ” kitabının təqdimatı keçirilib  

Noyabrın 2-də Hüquq və İnsan Haqları İnstitutunda “Müsəlman hüququ” (Orta çağlarda İslam Şərqində hüquq, hüquqi təlimlər və siyasi hərəkatlar) adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Ümumi hüquq kafedrasının dosenti Şükür Məmmədov və Xüsusi hüquq kafedrasının müəllimi Atilla Öztürkün həmmüəllifliyi ilə hazırlanan nəşr müsəlman hüququnun tarixi və nəzəri əsaslarını, İslam Şərqində formalaşmış hüquqi sistemləri, eləcə də orta əsrlərin siyasi-hüquqi fikir tarixini əhatə edir.

Təqdimat mərasimində çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə kitabın hüquq elminin inkişafı və hüquq təhsilinin məzmununun zənginləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, müsəlman hüququnun tarixi və nəzəri əsaslarının öyrənilməsi hüquqşünasların peşəkar biliklərinin genişləndirilməsi, müxtəlif hüquq sistemlərinin müqayisəli təhlili və maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu kimi elmi və tədris nəşrləri hüquqi irsin araşdırılmasına, milli və ümumbəşəri dəyərlərin öyrənilməsinə, eləcə də akademik əməkdaşlığın inkişafına xidmət edir.

Kitabın müəlliflərindən Atilla Öztürk nəşrin məzmunu və hazırlanma məqsədi barədə məlumat verib. O, təqdimatın ilk növbədə Bakı şəhərində təşkili və keçirilməsinə göstərilən dəstəyə görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib və kitabın daha geniş auditoriyaya çatdırılması baxımından bu təqdimatın əhəmiyyətini vurğulayıb.

 Müəllif orta əsrlər İslam Şərqində meydana gəlmiş mühüm ictimai-siyasi hərəkatların hüquqi və ideoloji əsaslarının, ədalət, hüquq və hakimiyyət münasibətlərinə dair yanaşmaların əsərdə geniş təhlil olunduğunu bildirib. Onun sözlərinə görə, mövzunun ayrı-ayrı aspektləri əvvəlki elmi əsərlərdə də tədqiq olunsa da, yeni nəşrdə müvafiq materiallar yenidən işlənib, müasir elmi yanaşmalar və əlavə mənbələr əsasında təkmilləşdirilib. Nəticədə, mövzular daha ardıcıl və sistemli şəkildə təqdim edilərək oxucuların istifadəsi üçün vahid tədris materialı kimi formalaşdırılıb.

Tədbirdə onlayn formatda iştirak edən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Xəzər Hüseynov, İnstitutun hüquq tədqiqatçısı, hüquq üzrə fəlsəfə doktoru İlham Malik oğlu Əliyev və digər çıxışçılar dərs vəsaitinin elmi və praktik baxımdan əhəmiyyətli olduğunu xüsusi qeyd ediblər.

Çıxışlarda nəşrin müsəlman hüququnun tarixi inkişaf mərhələlərinin, hüquqi-mənəvi dəyərlərin, İslam hüquq düşüncəsinin formalaşması və təkamülünün, eləcə də orta əsrlər İslam Şərqindəki ictimai-siyasi proseslərin öyrənilməsi baxımından mühüm mənbə olduğu vurğulanıb. Qeyd edilib ki, dərs vəsaiti həm ali təhsil alan tələbələr, həm də hüquqi-siyasi fikir tarixi və Şərq hüquq mədəniyyəti ilə maraqlanan tədqiqatçılar üçün faydalı elmi mənbədir.


Опубликовано : 02-11-2026

Просмотры : 51