Kənd Təsərrüfatı Nazirliyində “Ətraf mühit və insan hüquqları” mövzusunda təlim keçirilib
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində noyabrın 25-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində “Ətraf mühit və insan hüquqları” mövzusunda təlim keçirilib.
Tədbirin açılışında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev ətraf mühitin mühafizəsi və ekoloji hüquqların qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, aqrar sektorun daha yaxşı inkişafı üçün ətraf mühitin və ekoloji tarazlığın qorunması əsas şərtlərdən biridir.
Daha sonra İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insan hüquqlarının fundamental prinsipləri, onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və sağlam ətraf mühitdə yaşamaq hüququnun əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Təlim çərçivəsində İnstitutun şöbə müdiri Hamlet Babayev, eləcə də təlimçi-ekspertlər Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda “Ekoloji və əlaqəli hüquqların beynəlxalq və milli müdafiə mexanizmləri”, həmçinin “Ətraf mühitə qarşı pozuntuların insan hüquqlarına təsiri” mövzuları əhatə olunub. İştirakçılara ekoloji hüquqların müdafiəsi üzrə beynəlxalq və milli hüquqi mexanizmlər, bu sahədə dövlətlərin öhdəlikləri, eləcə də ekoloji pozuntuların insan hüquqlarına təsiri barədə ətraflı məlumat verilib.
Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin ətraf mühitlə bağlı baxdığı işlərdən nümunələr təqdim olunaraq mövzunun praktiki aspektləri izah olunub. Təlim interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Опубликовано : 25-11-2026
Просмотры : 28