Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı sübutetmə yükünün bölüşdürülməsinin əhəmiyyəti - Azərbaycan Hüquq Jurnalı №2 (2025)

Description:

Bu məqalədə inzibati məhkəmə icraatında sübutetmə yükünün mahiyyəti və xüsusilə öhdəliyin icrası haqqında iddialarda onun tətbiqi hərtərəfli şəkildə araşdırılır. Müxtəlif doktrinal yanaşmalara istinad etməklə sübutetmə yükünün təriflərini, onun formal və maddi növlərini, “non-liquet” vəziyyətlərində tərəflərin üzərinə düşən mənfi nəticələri şərh edilmiş və beləliklə, bu institutun hüquqi elmdəki nəzəri əsaslarını aydınlaşdırılmışdır. Məqalədə göstərilir ki, mülki və cinayət mübahisələrində sübutetmə yükü daha aydın və sabit qaydalarla müəyyənləşdirilsə də, inzibati mübahisələrdə vəziyyət fərqlidir. Bunun səbəbi tərəflər arasında mövcud olan bərabərsizlik, inzibati orqanların əlində olan sənəd və məlumatlara iddiaçıların çox vaxt çıxış imkanının məhdudluğu, həmçinin məhkəmələrin işin hallarının araşdırılması və sübut toplama səlahiyyətləridir. Öhdəliyin icrası haqqında iddialar bu kontekstdə xüsusi əhəmiyyət daşıyır, çünki bu iddialar inzibati aktın qəbulundan deyil, inzibati orqanın müəyyən faktiki hərəkətləri həyata keçirməsindən ibarət tələblərlə bağlı olur. Belə bir vəziyyətdə sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsinin müəyyənləşdirilməsi daha mürəkkəb xarakter daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində mübahisələndirmə, məcburetmə və müəyyən hərəkətlərdən çəkinməyə dair iddialarda sübutetmə yükünün bölgüsü müəyyənləşdirilsə də, öhdəliyin icrası haqqında iddialara münasibətdə normativ boşluq mövcuddur. Bu səbəbdən məhkəmə təcrübəsi burada xüsusi rol oynayır və Ali Məhkəmənin qərarlarının təhlili sübutetmə yükünün statik deyil, işin xüsusiyyətlərindən asılı olaraq tərəflər arasında dinamik şəkildə bölüşdürüldüyünü göstərir. Məqalədə, həmçinin müqayisəli hüquqi yanaşmadan istifadə edilərək Almaniya, Fransa və Türkiyə qanunvericilikləri ilə Azərbaycan hüququ arasında paralellər aparılır və inzibati orqanın yalnız inkar mövqeyi tutmaqla sübutetmə yükündən azad edilə bilmədiyi, əksinə, irəli sürdüyü arqumentləri əsaslandırmaq öhdəliyinin mövcud olduğu vurğulanır. İnzibati məhkəmə icraatında sübutetmə yükünün düzgün müəyyənləşdirilməsi həm fərdlərin hüquqlarının qorunması, həm də inzibati ədalət mühakiməsinin obyektiv və effektiv həyata keçirilməsi üçün zəruri şərtdir. Bu baxımdan normativ boşluğun aradan qaldırılması, müxtəlif iddia növləri üzrə sübutetmə yükünün dəqiq qaydalarla müəyyən edilməsi, sübut mübadiləsi mexanizmlərinin tətbiqi təklif olunur. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda sübutetmə yükünün iddiaçı, cavabdeh inzibati orqan və məhkəmə arasında bölüşdürülməsi zərurəti onun dinamik və çevik xarakterini nümayiş etdirir və bu mexanizmin inkişaf etdirilməsi hüquqi dövlət və ədalətli məhkəmə icraatının mühüm təminatlarından biridir.


Müəllif : Lalə Məmmədli
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top