Övladlığa götürmə və onun qanun üzrə vərəsəliyə təsiri - Azərbaycan Vəkili Jurnalı №26 (2025)

Description:

Övladlığa götürmə institutu ailə hüququ sistemində həm tarixi, həm də müasir kontekstdə xüsusi əhəmiyyət daşıyan mexanizmdir. Qədim Romada bu institut patriarxal ailə strukturunun davamlılığını təmin edən əsas vasitə kimi formalaşmışdır. İki əsas növə (adrogatio və adoptio) bölünən övladlığa götürmə prosesində adrogatio ilə tamhüquqlu pater familias statusuna malik şəxs, ictimai təsdiqə (xalq məclisi ya da imperator reskriptinə) əsasən, başqa bir ailənin patriarxına birləşdirilirdi. Adoptio isə məhkəmə müqaviləsi əsasında həyata keçirilərək həm oğlan, həm də qız uşaqlarının yeni ailədə tam patria potestas-a tabe edilməsinə yol açırdı. Yustinian dövründə isə instituta edilən islahatlarla övladlığa götürmənin formaları sadələşdirilmiş, uşağın əmlak üzərində hüquqları ilə övladlığagötürənin məsuliyyətləri daha aydınlaşdırılmış, qadınlara da müəyyən hallarda övladlığa götürmə imkanı tanınmışdır. Müasir Azərbaycan Respublikasının qanunvericiliyində isə övladlığa götürmə institutu Azərbaycan Respublikasının Ailə Məcəlləsi və digər normativ aktlarla tənzimlənir. Bu prosedur üç mərhələdə aparılır: namizədlərin dövlət uçotuna yazılması, uşağın mənafeyinə uyğunluğun mütəxəssis-sosial işçilər tərəfindən yoxlanması və sonda məhkəmə qərarının verilməsi. Namizədlərin sosial-iqtisadi və mənzil şəraiti, cinayət keçmişi, sağlamlıq vəziyyəti və psixoloji uyğunluğu diqqətlə nəzərdən keçirilir. Övladlığa götürmə nəticəsində yaranan vərəsəlik hüquqları və bioloji valideynlərlə münasibətlərin qorunması da qanunla dəqiqləşdirilmişdir: övladlığa götürülənlər həm övladlığagötürən ailənin vərəsələri ola bilir, həm də müəyyən hallarda öz bioloji valideynlərinə münasibətdə müəyyən hüquqlarını saxlaya bilirlər. Beləliklə, övladlığa götürmə institutu tarixən ailənin davamlılığını və sosial nizamı təmin etmiş, müasir dövrdə isə uşaqların müdafiəsini, onların hüquq və mənafeyinin qorunmasını təmin edən kompleks hüquqi mexanizm kimi fəaliyyət göstərmişdir.


Müəllif : Şükür Yusifov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 33

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top