“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənni üzrə mühazirələr toplusu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində qalib elan olunmuş “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə hazırlanmışdır. Mühazirələr toplusunun hazırlanmasının əsas məqsədini informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin elmi-metodoloji, nəzəri və hüquqi əsaslarının ali təhsilin bakalavriat səviyyəsində tədrisinə, habelə mövcud elmi-metodiki boşluqların aradan qaldırılmasına və azərbaycandilli elmi ədəbiyyatın formalaşmasına dəstəyin göstərilməsi təşkil edir. Mühazirələr toplusu informasiya təhlükəsizliyi, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə və digər aidiyyəti sahələrdə tətbiq olunan hüquqi tənzimləmə mexanizmlərinə dair təhsilalanların biliklərinin artırılmasına dəstək verəcəkdir.
Qiymətləndir