İnzibati xəta haqqında qanunvericilik Avropa məkanında üzv ölkədən- ölkəyə bəzi xüsusiyyətləri ilə fərqlənsə də, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından xüsusi əhəmiyyətə malikdir. Avropa Məhkəməsi dəfələrlə bu mövzuda olan ərizələri öz icraatına qəbul etməklə yanaşı, bəzi hallarda bir sıra ərizəni bir icraatda toplayaraq təhlil və ümumiləşdirmə aparmaqla üzv ölkələrin milli qanunvericiliyində sistemli problemlər aşkar etmiş, fərdlərin konkret ərizələr üzrə problemlərini həll etməklə yanaşı ölkə qanunvericiliyinə dəyişikliklərin edilməsini tövsiyyə etmişdir. Bu sahədə qanunvericiliyin qiymətləndirilməsi üçün əsasən mütənasiblik prinsipindən istifadə edilsə də, Avropa Məhkəməsi əsas problemlərini inzibati xəta haqqında qanunvericiliyin məhz cinayət hüququ ilə kəsişdiyi ərazidə aşkar etmişdir. Üzv ölkələri tərəfindən inzibati xəta sahəsinə aid edilsə də, İnzibati Xətalar Məcəlləsinin normaları tətbiqinin hüquqi nəticələrinə görə cinayət xarakterli kimi tanınır və onların tətbiqi zamanı müvafiq təminatlar təmin edilməlidir. Əsas tələb, təbii olaraq Avropa Konvensiyasının ədalətli məhkəməyə dair 6-cı maddəsindən irəli gəlir. Avropa Konvensiyasına qoşularaq aparıcı prinsiplərin milli qanunvericilikdə əks olunması Azərbaycan xalqının şüurlu seçimi olduğuna görə, inzibati xəta haqqında ölkə qanunvericiliyi ulu öndər cənab Heydər Əliyevin rəhbərliyi altında yazılmış Konstitusiyada öz əksini tapmış insan hüquqları üzrə aparıcı təminatların tələblərinə cavab verməlidir. Bu baxımdan inzibati xəta haqqında qanunvericiliyin məhkəmə icraatında tətbiqi ümumi qəbul edilmiş Avropa Konvensiyasının demokratiklik və plüralistlik prinsiplərinə, həmçinin Azərbaycan Konstitusiyasının insan hüquqlarının müdafiəsi sahəsində prinsiplərinə cavab verməlidir. Mövcud tədqiqatın məqsədi bu sahədə müqayisəli təhlil apararaq boşluqların üzə çıxarılmasıdır.
Qiymətləndir