Məlum olduğu kimi insan və vətəndaşın əsas hüquq, azadlıq və vəzifələri Konstitusiyanın fundamental institutlarından biri hesab olunur. Ayrı-ayrı demokratik dövlətlərin Konstitusiyalarında əsas hüquq və azadlıqların ilkin mənşəyi və etimologiyası, habelə insan hüquqları haqqında anlayışların düzgün təsəvvür edilməsi üçün onların hüququn prinsiplərinə uyğun təsbit olunması ictimai və hüquq münasibətlərinin dəqiq gerçəkləşməsi üçün əsasdır. Çünki Konstitusiya hüquq normaları öz xarakterinə görə münasibətləri ümumi və təsisedici aspektdən əhatə edir. Hüquq və azadlıqların mənşəyi dövlətə qədər olan proses kimi qəbul edildiyi üçün, təbii hüquqi elementlərin orijinallığına pozitiv hüququn təsirindən mühafizə olunması dövlət hakimiyyətinin əsas vəzifələrindən biri kimi çıxış edir. Bununla belə əsas hüquqlar və azadlıqlar, azadlığı təhrif edən dövlətə, habelə üçüncü şəxslərə münasibətdə zəruri şərtlərə qarşı təminat verir. “Azadlığı dövlət yaratmır, onu bilavasitə icad edir” konsepsiyası ona söykənir ki, əsas hüquq və azadlıqların reallaşmasında müasir demokratik dövlətin həlledici rolu mütləqdir. Yəni dövlət olmadan hüquq və azadlıqların gerçəkləşməsi şübhə altındadır. Onda əsas ideya ondan ibarətdir ki, hüquqi dövlətin insan hüquq və azadlıqlar ilə bağlı üzərinə düşən öhdəliklərini hansı dərəcədə təmin etmək iqtidarındadır? Bu isə müasir demokratik sistemin ən həssas və diqqət mərkəzində olan məsələlərindən biridir.
Qiymətləndir