Tədqiqatın əsas məqsədini tövsiyə xarakterli normaları (soft law), beynəlxalq müqavilələri, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini və normalarını, hüquqi standartları, beynəlxalq təşkilatların hüquqi aktlarını, beynəlxalq konfransların aktlarını, beynəlxalq öhdəliklər doğuran birtərfli aktları kompleks şəkildə təhlil etməklə ətraf mühitin mühafizəsi sahəsində dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin zəruri şərti və tələbi kimi çıxış edən hüquqi məsuliyyət institutunun mahiyyətini və əhəmiyyətini açıqlamaqdan ibarətdir. Məqalədə qeyd olunur ki, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi insanın yaşamaq hüququ və onun sağlamlığı ilə birbaşa əlaqəyə malikdir. Başqa sözlə ifadə etsək, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi prinsip etibarı ilə elə insanın həyat və sağlamlığının qorunması deməkdir. Bu qarşılıqlı vəhdətin və asılılığın təmin edilməsi isə beynəlxalq birliyin prioritet vəzifəsi olmalıdır. Ətraf mühitin mühafizəsinin zərurliyinə antroposentrik, yəni insan və təbiətin qarşılıqlı münasibətlərində insanın rolunun mütləqləşdirilməsi nöqteyi-nəzərindən deyil, biosentrik və ekosentrik sintezdən yanaşılmalıdır. Bu qarşılıqlı əlaqə və asılılıq hüquqi məsuliyyət rejiminin müəyyənləşdirilməsini də tələb edir. Ətraf mühitə qarşı törədilən hüquq pozuntularına görə məsuliyyət prinsip etibarı ilə: beynəlxalq öhdəliklərə əməl olunmaması nöqteyi-nəzərindən beynəlxalq hüquqi, təqsirin formaları nəzərə alınmaqla cinayət hüquqi, vurduğu zərərin həcmi və xarakterinə görə mülki hüquqi məsuliyyət doğurur. Ətraf mühitin mühafizəsi üzrə hüquqi məsuliyyət rejiminin vacibliyini şərtləndirən beynəlxalq normaların implementasiya prosesi hal-hazırda aşağıdakı problemlərlə müşaiyət olunur: a) bu sahədə beynəlxalq normaların çoxluğu, müxtəlifliyi və intensiv dinamikası; b) implementasiyanın optimal üsullarını seçmək; c) implementasiya prosesində hüquq və siyasət arasında balansı təmin etmək.
Qiymətləndir