Avropa İttifaqı çərçivəsində mədəni irs obyektlərinin qanunsuz dövriyyəsinə qarşı regional əməkdaşlığın xüsusiyyətləri - Azərbaycan Hüquq Jurnalı №1 (2025)

Description:

Məqalədə Avropa İttifaqı çərçivəsində mədəni irs obyektlərinin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq əməkdaşlıqdan bəhs olunur. Burada qanunsuz dövriyyəyə qarşı mübarizədə Avropa İttifaqı çərçivəsində regional əməkdaşlığın xüsusiyyətləri təhlil edilir. Bu istiqamətdə Avropa İttifaqı daha səmərəli və təkmil regional əməkdaşlıq mexanizmi olaraq müəyyən edilir. Qeyd olunur ki, regional əməkdaşlıq üçün ümumi olan universal səviyyədə mövcud beynəlxalq hüquq normalarının regional səviyyədə realizəsini təmin etmək xüsusiyyəti, Avropa İttifaqı çərçivəsində özünəməxsus formada büruzə verir. Müvafiq regional normativ hüquqi bazanın olması, regional əməkdaşlığın həyata keçirilməsini hüquqi baxımdan təmin edir. Bu məqsədlə, Avropa İttifaqı çərçivəsində qəbul edilən normativ aktlar analiz edilir. Həmin aktların qanunsuz dövriyyə ilə mübarizədə hüquqi əsas kimi əhəmiyyəti və təkmilləşdirilməsi xüsusiyyətləri araşdırılır. Qeyd edilir ki, Avropa İttifaqı çərçivəsində müvafiq sferada hüquqi tənzimetmə kommunitar (daxili qanunvericilik) formasında həyata keçirilir. Bu formanın xüsusiyyətlərinin müəyyən edilməsi istiqamətində 1992-ci ildə qəbul edilən 3911/92 saylı Reqlamentin və 2008-ci ildə qəbul edilən 116/2009 saylı Reqlamentlərin və 1993-cü ildə qəbul edilən 93/7/EEC saylı və 2014-cü ildə qəbul edilən 2014/60/EC saylı Direktivlərin müqayisəsi aparılır. Regional əməkdaşlığın forma və istiqamətləri araşdırılır. Xüsusilə qanunsuz dövriyyə ilə mübarizədə operativ əməkdaşlığın xüsusiyyətləri müəyyən edilir. Qeyd edilir ki, burada əsas fərqləndirici xüsusiyyət, mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi ilə operativ mübarizənin təkmil institusional mexanizmlər çərçivəsində aparılmasıdır. Burada operativ əməkdaşlıq Avropa İttifaqının üçüncü dayağını təşkil edir. Bu əməkdaşlığın həyata keçirilməsi istiqamətində Avropolun fəaliyyəti təhlil edilir. Onun fəaliyyətinin hüquqi əsasları təhlil edilir, forma və istiqamətləri müəyyən edilir. Avropolun yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi məsələləri araşdırılır. 2016-cı il tarixli Reqlamentin (2016/794) əhəmiyyəti müəyyən edilir. Qeyd edilir ki, bu Reqalamentlə mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi İttifaqın ümumi maraqlarına zərər vuran hüquqpozuntusu kimi Avropolun birbaşa fəaliyyət sferasına daxil edilir. Avropolun üzv olmayan dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığının xüsusiyyətləri təhlil edilir. Onun digər əməkdaşlıq mexanizmləri ilə qarşılıqlı əlaqəsi araşdırılır. Qeyd edilir ki, Avropa İttifaqı Şurasını məlumatlandırmaq şərti ilə Avropol üzv olmayan dövlətlərin polis orqanları ilə əməkdaşlıq edə bilər. Bunun üçün həmin dövlətlərlə əməkdaşlıq haqqında sazişin bağlanması zəruridir. Avropol və Azərbaycan Respublikası arasında belə bir saziş bağlanmamışdır. Amma Avropa İttifaqı ilə bağlanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş operativ əməkdaşlıq üçün əsas ola bilər.


Müəllif : Sima Süleymanlı
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 45

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top