Avropa Şurası Parlament Assambleyasının hüquqi statusu və onun insan hüquqlarının müdafiəsində rolu - Azərbaycan Vəkili Jurnalı №26 (2025)

Description:

Məqalədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi statusu və onun insan hüquqlarının müdafiəsindəki rolu beynəlxalq hüququn müasir inkişaf tendensiyaları fonunda sistemli şəkildə təhlil olunur. Tədqiqatın əsas məqsədi AŞPA-nın hüquqi-institusional mahiyyətini müəyyənləşdirməklə, bu qurumun Avropa hüquq sistemində və qlobal miqyasda insan hüquqlarının təşviqi və müdafiəsi sahəsindəki funksional əhəmiyyətini əsaslandırmaqdır. Tədqiqatın aktuallığı, beynəlxalq hüququn transformasiyaya uğradığı bir dövrdə beynəlxalq parlament qurumlarının, xüsusilə AŞPA-nın normativ-hüquqi təsir imkanlarının və siyasi legitimliyinin artması ilə bağlıdır. AŞPA-nın milli parlamentləri təmsil edən üzvlər vasitəsilə həyata keçirdiyi demokratik nəzarət və normayaratma təşəbbüsləri onun hüquq sistemlərinin təkamülünə təsir imkanlarını genişləndirmişdir. Bu kontekstdə, Assambleyanın inkişaf etməkdə olan dövlətlərin hüquqi dövlət və demokratik idarəetmə prinsiplərinə inteqrasiyasında oynadığı rola xüsusi diqqət yetirilmişdir. Elmi yenilik ondan ibarətdir ki, məqalədə AŞPA-nın statusu yalnız institusional və prosedur səviyyədə deyil, həm də hüquq fəlsəfəsi baxımından təhlil edilir. Müəllif AŞPA-nın insan hüquq və azadlıqlarının müdafiəsindəki fəaliyyətini sivil hüquq sistemindəki ənənəvi yanaşmalarla müqayisə edərək onun universal hüquq sisteminə verdiyi töhfələri müəyyənləşdirir. AŞPA-nın tövsiyə və qətnamələrinin hüquqi qüvvəsi və normativ rolu geniş hüquqi-nəzəri əsaslarla əsaslandırılır. Tədqiqatın əhəmiyyəti, AŞPA-nın fəaliyyətinin yalnız Avropa məkanı ilə məhdudlaşmadığını, onun qəbul etdiyi sənədlərin və hüquqi yanaşmaların qlobal hüquq sistemlərinə, xüsusilə də insan hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasına təsir etdiyini göstərməklə ölçülür. Məqalə AŞPA-nın normativ-hüquqi mexanizmlərinin təhlili ilə yanaşı, onun qanunverici və qismən icraedici funksiyalarının praktiki və nəzəri əsaslarını üzə çıxarır. Bu yanaşma beynəlxalq hüququn subyektləri arasında AŞPA-nın hüquqi statusunun yeni tərifinə ehtiyac olduğunu göstərir. Tədqiqatda Antonio Cassese, Filip Alston, Kristina Çinkin, Tomas Bürqental, Lətif Hüseynov və Əmir Əliyev kimi nüfuzlu hüquqşünas alimlərin elmi fikirləri əsasında AŞPA-nın Avropada hüququn aliliyi və insan hüquqlarının inkişafına verdiyi töhfə qeyd edilir. Tədqiqat Avropa İnsan Hüquqları Məhkəməsi ilə AŞPA arasında mövcud qarşılıqlı əlaqələr kontekstində insan hüquqları mexanizmlərinin effektivliyini artırmaq məqsədi daşıyır və bu baxımdan həm hüquqşünas alimlər, həm də qərar qəbul edən beynəlxalq subyektlər üçün nəzəri və praktiki baxımdan əhəmiyyətli bir töhfədir.


Müəllif : Kəramət Qənbərov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top