Əksər ölkələrdə uşağa qayğı və qulluq üzrə verilən ödənişli məzuniyyət əsasən qadınlara şamil edilir. Mövcud araşdırmalar göstərir ki, atalar üçün məzuniyyət hüququ verən yurisdiksiyalarda da kişilər tərəfindən valideynlik məzuniyyətindən istifadə halları olduqca məhduddur və buna bir-biri ilə qarşılıqlı əlaqədə olan bir sıra amillər təsir edir. Belə ki, sözügedən məzuniyyətin ödənişsiz əsaslarda verilməsi, dövlət və ya özəl uşaq baxımı xidmətlərinin məhdudluğu və qeyri-münasibliyi, məzuniyyətlərin çevik olmaması, gender normaları və mədəni gözləntilər də bu amillər sırasındadır. Halbuki, ödənişli işlə yanaşı ailə-məişət öhdəliklərini də müvafiq qaydada həyata keçirə bilməsi üçün kişilərə dövlət və işə götürən tərəfindən verilən dəstək ailələrin şəxsi və iqtisadi mənfəətini xeyli artırır. Belə ki, ailədə və iş yerlərində gender bərabərliyini təşviq etməklə yanaşı ödənişli uzunmüddətli atalıq məzuniyyəti atalarla uşaqlar arasında bağların möhkəmlənməsinə də əhəmiyyətli töhfə verə bilər.
Qiymətləndir