Beynəlxalq hüquq kontekstində süni intellekt - insan hüquqları və hüquqi hesabatlılıq çağırışları - Azərbaycan Hüquq Jurnalı №1 (2025)

Description:

Müasir hüquqi reallıqlarda süni intellekt texnologiyalarının tətbiqi fərdi məlumatların dərin emalı və bu məlumatlar əsasında şəxslərin profilləşdirilməsi kimi prosesləri təşviq edir ki, bu da insan hüquqlarının, xüsusilə də şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyə məruz qalmama hüququnun pozulması riskini artırır. Belə texnoloji yanaşmalar fərdlərin kateqoriyalara bölünməsi və bərabərlik prinsipinə zidd diskriminativ nəticələrin ortaya çıxması ehtimalını gücləndirir. Bu səbəbdən, şəxsi məlumatların hüquqi müdafiəsi və insan hüquqlarının effektiv qorunması hüquqi dövlət konsepsiyasının ayrılmaz elementi kimi dəyərləndirilməlidir. Bundan əlavə, süni intellekt sistemlərinin əldə edilən verilənlər əsasında nəticə çıxarması və qərar qəbuletmə prosesində iştirak etməsi, insanların hüquq və azadlıqlarına birbaşa təsir edə bilər. Belə hallarda hüquq sistemi süni intellektin fəaliyyətini tənzimləyən norma və prinsiplər yaratmalı, əldə edilən nəticələrin qanuniliyi və ədalətliliyi üzərində nəzarəti təmin etməlidir. Xüsusilə, süni intellekt tərəfindən qəbul edilən qərarların şəffaflığı, hesabatlılığı və insan hüquqlarına uyğunluğu əsas hüquqi tələblərdən biri kimi qəbul edilməlidir. Nəhayət, informasiya əsrində şəxsi məlumatların sürətlə əldə edilməsi və təhlil edilməsi süni intellektin verdiyi üstünlüklərlə yanaşı, müəyyən hüquqi və etik riskləri də özündə ehtiva edir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı fərdi məlumatların qorunması, məxfiliyin təmin edilməsi və hüquqi tənzimləmələrin gücləndirilməsi ilə yanaşı, texnologiyanın qanuniliyi, etik aspektləri və əxlaqi çərçivələri ilə bağlı hüquqi müzakirələrin aparılmasını da zəruri edir. Bu səbəbdən süni intellektin tətbiqi və onun fərdi hüquqlara təsiri məsələsi milli və beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməli və balanslaşdırılmış yanaşma təmin edilməlidir.


Müəllif : Vədiyə Ələkbərzadə
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 129

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top