Cinayət prosesinin prinsipləri kontekstində ibtidai araşdırmanın hərtərəfliliyi, tamlığı və obyektivliyi tələbi - Azərbaycan Hüquq Jurnalı №2 (2025)

Description:

Qüvvədə olan cinayət-prosessual qanunvericilikdə verilmiş leqal tərifə görə, ibtidai araşdırma cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır. İbtidai araşdırma cinayət mühakimə icraatının bir mərhələsi olmaqla yanaşı, hüquq-mühafizə xarakteri kəsb edən cinayət-prosessual fəaliyyətdir. Bu fəaliyyətin əhəmiyyəti ondadır ki, məhz onun vasitəsilə cinayət işinə məhkəmədə mahiyyəti üzrə baxılması üçün zəruri materiallar və sübutlar toplanır, cinayət törətməkdə şübhəli bilinən şəxslərə kifayət qədər dəlillər əsasında rəsmi ittiham elan edilir, hazırlanan cinayətlərin qarşısı alınır, yeni cinayətlərin törədilməməsi üçün zəruri profilaktik tədbirlər görülür. İbtidai araşdırmanın qanuni və keyfiyyətli şəkildə həyata keçirilməsi gələcəkdə ədalət mühakiməsinin də səmərəli bir şəkildə həyata keçirilməsi və ədalətli məhkəmə qərarının çıxarılması üçün zəmin yaradır. Eyni zamanda, ibtidai araşdırma zamanı yol verilən qanun pozuntuları, eləcə də, ibtidai araşdırmanın keyfiyyətsiz şəkildə həyata keçirilmiş olması gələcəkdə ədalət mühakiməsinin də səmərəliliyini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla əlaqədar olaraq ibtidai araşdırma mərhələsinə qarşı qanunda bir sıra tələblər təsbit edilir. Bu tələblərə ciddi riayət edilməlidir. İbtidai araşdırmanın hərtərəfli, tam və obyektiv olmasına dair tələb onlardan biridir. Bu tələbin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o cinayət-prosessual qanunvericiliyin yalnız bir normasında deyil, eyni zamanda bir neçə normasında və fərqli institutların nizamlanması ilə əlaqədar təsbit edilmişdir. Belə ki, bu tələbə həm cinayət mühakimə icraatının vəzifələri sırasında, həm cinayət mühakimə icraatının prinsip-normalarında, həm də cinayət təqibini həyata keçirən səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin öhdəlikləri sırasında və s. rast gəlmək mümkündür. Başqa sözlə, bir tərəfdən baxılan tələb cinayət prosesinin müxtəlif institutlarına təsir edir, digər tərəfdən isə cinayət prosesinin müxtəlif institutları baxılan tələbə öz təsirini göstərir. Bu anlamda, cari məqalədə ibtidai araşdırmanın hərtərəfliliyi, tamlığı və obyektivliyinə cinayət prosesinin ayrı-ayrı prinsiplərinin təsiri məsələlərinin araşdırılmasına cəhd göstərilmişdir.


Müəllif : Zübeydə Rüstəmli
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top