Azərbaycan Respublikasının cinayət hüququ xeyli müddət (yaxın vaxtlara kimi) təqsirkarın şəxsi məsuliyyəti kimi klassik prinsipi müəyyənləşdirdiyinə görə hüquqi şəxslərin cinayət məsuliyyəti ideyasını qəbul etməmişdir ki, bu prinsipi kontinental Avropa ölkələrinin demək olar ki, hamısının cinayət məcəllələri tanıyır. Bu prinsipə görə yalnız cinayət qanunu ilə qadağan edilmiş cinayət əməlini (hərəkət və ya hərəkətsizliyi) qəsdən və ya ehtiyatsızlıq üzündən törətmiş anlaqlı və müəyyən yaş həddinə çatmış fiziki şəxs həm cinayətin, həm də cinayət məsuliyyətinin subyekti ola bilər. Cinayətin və cinayət məsuliyyətinin mümkün subyektlərinin fiziki şəxslə məhdudlaşdırılması o deməkdir ki, hüquqi şəxslər, yəni idarə, müəssisə və təşkilatlar nə cinayətin, nə də cinayət məsuliyyətinin subyekti ola bilərlər. Yaddan çıxarmamalıyıq ki, hüquqi şəxslərin cinayət məsuliyyəti nəzəri planda cinayət hüquq elmində (doktrinasında) ən mübahisəli və diskussiya doğuran məsələlərdən biridir. Azərbacan Respublikasının cinayət hüququ hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq olunmasını nəzərdə tutmaqla həmin məsələni qanunvericilik səviyyəsində həll etmişdir.
Qiymətləndir