Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyi onun qəbul etdiyi hüquqi aktlarda ifadə olunur. Digər məhkəmə orqanlarının aktlarından fərqli olaraq, Konstitusiya Məhkəməsinin qərarları normativ səciyyə daşıya bilər. Bununla əlaqədar, həmin məhkəmə tərəfindən qəbul olunan normativ xarakterli aktların xüsusiyyətləri göstərilir. Qeyd olunur ki, ölkəmizdə Konstitusiya Məhkəməsinin normativ xarakterli aktları ictimai münasibətlərin inkişafında mühüm rol oynayır. Milli konstitusiya mühakiməsi orqanının öz fəaliyyəti daxilində qəbul etdiyi normativ xarakterli aktlar rəsmən “hüququn ikinci dərəcəli mənbələri” hesab olunmurlar. Məqalədə müəllif tərəfindən qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən normativ hüquqi aktın konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında işə baxılmasının nəticəsi həmin normativ hüquqi aktın ölkə Konstitusiyasına uyğun və ya zidd olmasının tanınmasından ibarətdir. Bu zaman müvafiq akt Konstitusiyaya zidd hesab edildiyi halda müəyyən hüquqi nəticələr yaranır: konstitusiyaya zidd hesab edilən aktlar və ya onların ayrı-ayrı müddəaları qüvvədən düşür; Azərbaycan Respublikasının qüvvəyə minməmiş və Konstitusiyaya zidd olduğu tanınmış beynəlxalq müqavilələri qüvvəyə minməməli və tətbiq edilməməlidir. Məhkəmələrin və digər orqanların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə konstitusiyaya zidd hesab edilən müvafiq aktlara və ya onların ayrı-ayrı müddəalarına əsaslanan qərarları icraya yönəldilməməli və qanunla müəyyən edilmiş hallarda onlara yenidən baxılmalıdır. Məqalədə habelə qeyd olunur ki, konstitusiya ədalət mühakiməsi orqanının müvafiq qərarlarında əks olunan hüquqi mövqelər vahid hüquq tətbiqetmə praktikasının yaradılmasına, hüquqi tənzimləmədə boşluqların və ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.
Qiymətləndir