Məqalədə kiberhücumların silahlı münaqişə kimi qiymətləndirilməsi beynəlxalq hüquq normaları əsasında (BMT Nizamnaməsi, Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyaları və Əlavə Protokollar, Tallin Təlimatları və s.) təhlil edilir. Məlum olduğu kimi, beynəlxalq hüquqi tənzimləmənin əsas məqsədini BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi, beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək təşkil edir. Müasir cəmiyyətin rəqəmsallaşması, kiberməkanın sərhədlərinin bəlli olmaması bu məqsədin yerinə yetirilməsində tamamilə yeni məsələləri gündəmə gətirir. Belə ki, kiberməkanda törədilən hər hansı bir kiberhücumla nəinki bir dövlətə, hətta eyni anda bir neçə dövlətə müxtəlif iqtisadi, siyasi və digər ziyan vurmaq mümkündür. Bu gün hər hansı bir dövlətin kritik informasiya infrastrukturuna yönəlmiş kiberhücumla həmin dövlətin fəaliyyətini “iflic” etmək çox asan və rahat idarə olunan qanunsuz fəaliyyətə çevrilmişdir. Hazırda isə bu təhlükələr daha da artmaqdadır. Təqdim olunan məqalənin başlıca məqsədi kiberhücumlar zamanı beynəlxalq hüququn üzləşdiyi çətinliklərə həll yolu təklif etməkdir. Bu məqsədlə kiberhücumların və kiberhücumçuların anlayışı və əsas xüsusiyyətləri araşdırılmış, beynəlxalq sənədlər əsasında kiberhücumun silahlı münaqişə kimi qiymətləndirilməsi mümkünlüyü tədqiq olunmuşdur. Eyni zamanda, bir sıra mühüm beynəlxalq sənədlərin müddəalarına və beynəlxalq təşkilatların rəylərinə (“bərk” və “yumşaq” hüquq normaları) müqayisəli formada müraciət edilmişdir. Araşdırmanın sonunda kiberhücumların özünün də düşmənçilik xarakteri daşıyan davranış olması nəticəsinə gəlinərək, onların silahlı münaqişələr qədər təhlükəli olması və dövlətlərin bu cür hücumlardan özünümüdafiə hüququna malik olması irəli sürülmüşdür
Qiymətləndir