Azad bazara əsaslanan iqtisadiyyatın formalaşmasında dövlət tənzimlənməsinin azad sahibkarlıq hüququ ilə tarazlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bir çox inkişaf etmiş ölkələrdə bazar münasibətləri belə münasibətlərin iştirakçıları tərəfindən formalaşdırılır və tənzimlənir və dövlətin müdaxiləsi yalnız belə bazarın öz xüsusiyyətlərini qoruması üçün zəruri hesab olunur. Dövlət tənzimlənməsinin minimuma endirilməsi üzrə klassik iqtisadi nəzəriyyədə əhəmiyyətli yer tutan doktrinalardan biri də laissez faire prinsipidir. “Laissez faire” fransız sözü olub iqtisadi sistemin dövlətin bazara müdaxilə etmədiyi halda daha yaxşı işləməsi mənasına gələn klassik iqtisadi dok trinadır. Bu doktrina ilk dəfə 18-ci əsr də Fransada sənayə inqilabı vaxtı fiziokratlar tərəfindən istifadə edilmişdir. Əsasən 1756-1778-ci illərdə fəaliyyət göstərən fiziokratlar inanırdılar ki, azad bazar və iqtisadi rəqabət inkişaf etmiş cəmiyyətin formalaşması üçün son dərəcə vacibdir. Onlar irəli sürürdü ki, dövlət yalnız özəl mülkiyyətin, həyat və fərdi azadlığın qorunması üçün bazarın tənzimlənməsini həyata keçirə bilər.
Qiymətləndir