Mülki məhkəmə icraatında yetkinlik yaşına çatmayanların iştirakı məsələləri - Azərbaycan Hüquq Jurnalı №1 (2025)

Description:

Azərbaycan Respublikasının Konsitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi qeyd olunmuşdur. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilmişdir. Sadalanan orqanların içərisində mülki hüquqların məhkəmədə müdafiə forması üstünlük təşkil edir. İnsan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi pozulmuş hüquqla birbaşa əlaqədədir və bir çox başqa amillərdən asılı olaraq, Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Azərbaycan Respublikasının əhalisinin mühüm hissəsini yetkinlik yaşına çatmayanlar təşkil edir (onların sayı 30%-dən artıq hesablanır) və onların hüquqlarının müdafiəsi dövlətin, cəmiyyətin və ailənin mühüm vəzifələrindən biridir. Yetkinlik yaşına çatmayanların hüquq və maraqlarının məhkəmə müdafiəsinin təminatı həm Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarında, həm də bəzi maddi qanunvericiliklərin (Ailə Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi və s.) prosessual xarakterli normalarında möhkəmləndirilmişdir. Qeyd edək ki, yetkinlik yaşına çatmayanların əsasən mülki prosessual hüquqlarını tənzimləyən Uşaqların hüquqlarının yerinə yetirilməsi haqqında 1996-cı il tarixli Avropa Konvensiyası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmamasına baxmayaraq, müvafiq milli qanunvericilik aktlarında uşaqların mülki icraatda prosessual hüquqları yetərincə təsbit olunub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin statistik məlumatlarından göründüyü kimi, məhkəmələrdə yetkinlik yaşına çatmayanların hüquq və maraqları ətrafında baxılan mülki işlərin sayı ildən ilə artır. Qeyd edilən işlərdə mütləq çoxluğu nikahın pozulması, ondan sonra məhkəmə qaydasında atalıq faktının və atalığın tanınması faktının müəyyən olunması və övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi təşkil edir. Bu səbəbdən də sosial konfliktlərin, ailə mübahisələrinin tənzimlənməsində yetkinlik yaşına çatmayanların pozulan hüquqlarını təmin edən məhkəmə orqanlarının rolu olduqca böyükdür. Məqalədə mülki məhkəmə icraatında yetkinlik yaşına çatmayanların iştirakının konstitusion və beynəlxalq-hüquqi əsasları, Azərbaycan Respublikasının müvafiq qanunverici aktları üzrə tənzimlənmə mexanizmləri araşdırılır.


Müəllif : Səbinə Əzizova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 376

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top