Bu məqalədə muzdlu dəstələr və özəl hərbi şirkətlər cinayət-hüquqi kontekstdən müqayisəli şəkildə təhlil olunur. Xüsusilə vurğulanır ki, Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlərdə yeni təhlükəsizlik tələbləri formalaşmağa başlamış, bunun nəticəsində dövlətlərin hərbi resurslarını yalnız ənənəvi ordu strukturları ilə deyil, həm də özəl hərbi xidmət təminatçıları vasitəsilə təmin etməyə yönəlmiş maraqları artmışdır. Bu maraq isə, öz növbəsində, cinayət-hüquqi baxımdan bir sıra boşluqların meydana çıxmasına səbəb olmuşdur. Özəl hərbi şirkətlərin fəaliyyəti və hüquqi statusu ilə bağlı yaranan bu boşluqlar onların muzdlulardan kəskin fərqlənən xüsusiyyətləri ilə daha da mürəkkəbləşir. Belə ki, qadağan edilmiş muzdlu fəaliyyətdən fərqli olaraq özəl hərbi şirkətlər bir çox hallarda dövlətlərlə bağlanmış rəsmi müqavilələr əsasında fəaliyyət göstərir və bu da onların hüquqi statusunun daha da mürəkkəb və mübahisəli xarakter almasına səbəb olur. Belə bir vəziyyət isə bu sahədə ayrıca cinayət-hüquqi tənzimləməyə ehtiyac olduğunu göstərir. Özəl hərbi şirkətlərin fəaliyyət dairəsinin genişliyi, texniki imkanları və beynəlxalq miqyasda fəaliyyət göstərməsi onların klassik muzdlulardan əsaslı şəkildə fərqlənməsinə səbəb olur. Bu fərqlər isə qanunvericilik səviyyəsində ayrıca hüquqi yanaşma tələb edir. Təəssüf ki, yerli hüquqi ədəbiyyatda bu mövzuya hələ də kifayət qədər diqqət yetirilməyib və bu sahədə tədqiqat boşluğu müşahidə olunur. Məqalənin məqsədi yerli ədəbiyyatda baza hazırlamaq üçün bu məqalə cinayət-hüquqi zərurətin ilkin konturlarını müəyyən etməkdir.
Qiymətləndir