İnsan hüquq və azadlıqlarına riayət etməklə idarəetməyə nəzarət müasir hüquqi dövlətin tələbidir. Çevik, iştirakçı, şəffaf, vətəndaş yönümlü və yaxşı idarəetmə prinsiplərinə uyğun olan idarəetməyə nail olmaq məqsədilə nəzarət təsisatlarının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ombudsman bu məqsədə xidmət edən mexanizm kimi müasir hüquqi dövlətlərdə mövcud olan təsisatdır. Müxtəlif dövlətlərdə bu təsisatın fəaliyyəti müxtəlif formada hüquqi tənzimləməyə malikdir. Daha uğurlu təcrübənin müəyyən edilməsi üçün həmin tənzimləmələrin müqayisəli təhlili aparılmalıdır. Ona görə də təqdim olunmuş məqalədə başlıca məqsəd kimi müxtəlif dövlətlərin ombudsman təsisatına dair hüquqi tənzimləmələrinin müqayisəli təhlili qarşıya qoyulmuşdur. Bu zaman ilk örnək dövlət olan İsveç modeli təhlil edilmiş, Avropa ombudsmanının fəaliyyətinə dair hüquqi əsaslar araşdırılmış, eləcə də anqlo-sakson dövlətlərindən isə Böyük Britaniya təcrübəsinə nəzər salınmışdır. Belə seçimdə əsas səbəb mövcud hüquq sistemlərindən hər birinə aid aparıcı dövlətin hüquqi tənzimlənməsini araşdırmaq olmuşdur. Belə ki, müqayisəli təhlillər həm mövcud nəzəri ədəbiyyatın, həm də hüquqi sənədlərin təhlili üsullarından istifadə etməklə aparılmışdır. Aparılmış müqayisəli təhlillər zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə də fərqli və oxşar xüsusiyyətlər müəyyən olunmuşdur. Bu məqsədlə ölkəmizdə ombudsmanla maraqlı tərəf ola biləcək qurumlar təhlil edilmiş və qurumlar arasında oxşar və fərqli cəhətlər araşdırılmışdır. Ombudsmanın ölkəmizdə və müqayisəli hüquqda yeri nəzərə alınaraq onun inkişaf prosesi, xüsusiyyətləri və tətbiqi nümunələri haqqında məlumat verilmiş, ombudsmanın insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr tədqiq olunmuşdur.
Qiymətləndir