XXI əsrin ən mühüm texnoloji inqilablarından biri olan süni intellekt (Sİ), beynəlxalq hüququn ənənəvi nəzəri çərçivələrini köklü şəkildə sınağa çəkir. Sİ-nin artan avtonomluğu onun hüquqi statusunun “obyekt”dən “subyekt”ə doğru transformasiyası ilə bağlı fundamental müzakirələr doğurur. Bu məqalədə beynəlxalq hüquqda hüquqi subyektlik anlayışının tarixi inkişafı təhlil edilmiş, dövlətlər, beynəlxalq təşkilatlar və fərdlərlə yanaşı, yeni potensial aktor kimi Sİ-nin hüquqi statusu araşdırılmışdır. Avropa Parlamentinin Sİ üçün irəli sürdüyü xüsusi hüquqi status konsepsiyası, hüquqşünasların korporasiyalara və beynəlxalq təşkilatlara bənzər məhdud subyektlik modeli, eləcə də sui generis status təklifləri analitik şəkildə dəyərləndirilmişdir. Bununla yanaşı, “məsuliyyət boşluğu” (responsibility gap) fenomeni Sİ-nin hüquqi tənzimlənməsinin əsas çağırışlarından biri kimi nəzərdən keçirilmişdir. Avtonom sistemlərin “qara qutu” xüsusiyyəti səbəbindən zərərin aidiyyəti məsələsi mürəkkəbləşir və mövcud beynəlxalq hüquqi mexanizmlər (məsələn, ARSIWA) bu halları tam əhatə edə bilmir. Məqalədə normativ transformasiya zərurəti önə çəkilərək Sİ üçün məhdud hüquqi subyektlik və sui generis status modelləri, həmçinin Sİ Ombudsmanı və Sİ Tribunalı kimi institusional yanaşmalar müzakirə obyektinə çevrilmişdir. OECD və Avropa Şurası kimi beynəlxalq qurumların qəbul etdiyi prinsiplər etik normaların hüquqi çərçivəyə inteqrasiyasının vacibliyini təsdiqləyir. Bununla yanaşı, intergenerasiya ədaləti aspektində Sİ-nin gələcək nəsillərə təsirləri beynəlxalq hüququn tənzimləmə prioritetlərindən biri kimi təqdim olunur. Məqalənin sonunda Sİ-nin beynəlxalq hüquqi statusunu dəqiqləşdirən və məsuliyyət rejimini müəyyənləşdirən məcburi beynəlxalq müqavilənin hazırlanması, BMT çərçivəsində ekspert qrupunun yaradılması, sığorta və kompensasiya fondları mexanizmləri, etik prinsiplərin hüquqi normalara çevrilməsi kimi təkliflər irəli sürülmüşdür. Nəticə etibarilə, Sİ-nin beynəlxalq hüquqa gətirdiyi transformasiya yalnız hüquqi deyil, eyni zamanda etik, siyasi və sosial xarakter daşıyır və beynəlxalq ictimaiyyətin kollektiv səylərini tələb edir
Qiymətləndir