Vergi, ödəyicilərin xərcləyə biləcəyi gəlirlərində və xərcləmələrində azalmalara səbəb olmaqla onların qənaət edə bilmə imkanlarını azaldır. Odur ki, bir nəsnə olaraq vergi, inkişaf səviyyəsindən asılı olmayaraq heç bir cəmiyyətdə müsbət qarşılanmır. İqtisadiyyat və hüquq elmində formalaşmış hakim mövqe bundan ibarətdir ki, ödəyicilər vergini yalnız qanunu pozmaqdan və dolayısı ilə məsuliyyətə cəlb olunma qorxusundan ödəyirlər. Beləliklə də, hüquq normalarında tapa bildikləri ən kiçik boşluqdan istifadə etməklə qanuni və qanunazidd yollarla vergidən yayınırlar. Dövlətlər vergi siyasətini həyata keçirərkən vergi ödəyiciləri könüllü vergi ödəməyə sövq etməyə çalışırlar. Könüllü vergi ödəməyə gəlir səviyyəsi və vergi dərəcələri, sosial və demoqrafik amillər, cərimələr, audit ehtimalı, vergi yoxlamaları, subyektiv və obyektiv tədbirlər, maliyyə məsləhətçilərinin və ya vergi məsləhətçilərinin təsiri, mənəvi və sosial dinamika, vergi ödəmələrinin mürəkkəbliyi kimi amillər təsir edir. Könüllü vergi ödəməsinə təsir edən mühüm amillərdən biri də vergi əxlaqı institutudur. Vergi əxlaqı vergiləri ödəmək üçün daxili motivasiya kimi müəyyən edilir və bir çox sosial və psixoloji amillərdən təsirlənir. Bu məqalədə vergi əxlaqı anlayışı üzərində dayanılır və vergi əxlaqı ilə bağlı sosial və psixoloji elementlər ətraflı şəkildə araşdırılır. Bu kontekstdə sosial normalar, təqsir və utanc hissi, vəzifə və qorxu hissi, vergi ödəyicilərinin daxili motivasiyası və ədalət qavrayışı, vergi ödəyicisi ilə dövlət orqanı arasındakı münasibət kimi sosial-psixoloji elementlər vergi əxlaqı ilə bağlı izah edilir.
Qiymətləndir