Zəngilan rayonu Oxçuçay ətraf ərazilərinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi - Azərbaycan Prokuroru Jurnalı, 2024

Description:

“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar və 2024-cü ilin plan proqramına uyğun olaraq, elmi-tədqiqat işlərinin icrası üçün Zəngilan rayonu Oxçuçay ətraf ərazilərinin torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqi məqsədilə monitorinq təşkil edilmişdir. Zəngilan rayonu Oxçuçay ətraf ərazisinin ekoloji şəraiti, meşə tipləri və bitki örtüyü tədqiq edilmişdir. Zəngilan rayonu coğrafı mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Bitki örtüyündə bozqır formasiyası geniş yer tutıır. Quru çöl, dağ kserofıt bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr geniş yayılmışdır. Burada meşənin əsas tərkibi, Araz palıdı (Quercus araxina A.Grossh.), şərq çinarı (Platanus orientalis L.), qovaq (Populus L.) və qalan hissəsi isə qarışıq meşəliklərdən ibarətdir. Çay yatağı boyunca və kiçik terraslarda allüvial torpaqlar əsasən çinar meşələri (Platanetum) altındadır. Tərkibdə adi qoz (Juglans regia L.), dağdağan (Celtis glabrata Steven ex Planch.), qarağac (Ulmus araxina Takht.), vələs (Carpinus orientalis Mill.) mövcuddur. Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axınına landşaftlara təsiri, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmalar və s. öyrənilmışdır. Oxçuçayın ümumi uzunluğunun 40 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür. Bu hissədə Ermənistanın iri dağ-mədən sənaye müəssisələrindən çayın suyuna axıdılan ağır metallar və digər zərərli kimyəvi elementlər, məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmışdir. Məhz bu səbəblərdən – antropogen və iqlim dəyişmələri nəticəsində Oxçuçay ərazisinin bəzi ərazilərində meşəəmələgətirən ağac cinslərinin azalmasına səbəb olmuşdur. Eyni zamanda işğal dövründə çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalmışdır. Tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, iqlim dəyişkənliyi və antropogen amillərin təsiri nəticəsində meşə biosenozlarının sahəsi 30-40% və bəzi məlumatlara görə daha şox azalmışdır və təbii-struktur dəyişikliyinə məruz qalmışdır.


Müəllif : Aynur Hüseynova, Minarə Hüseynova, Nigar Bədəl-Zadə
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 60

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top