Əliyeva Günay Səhhət qızı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsində deyilir ki, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddədən də göründüyü kimi, publik hüquqi şəxslər mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqi şəxslərin təsnifatına daxil edilmişdir. Eyni zamanda həmin Məcəllənin 43.7-ci maddəsində publik hüquqi şəxslərin fəaliyyəti Mülki Məcəllə, “Publik hüquqi Şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunu ilə tənzimləndiyi göstərilmişdi. Mülki Məcəllənin 59.4-cü maddəsindən görünür ki, hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir və 59.5-ci maddəsində isə əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Lakin MM-dən sonra qəbul olunmuş “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsində qeyd edilir ki, publik hüquqi şəxs müflis elan edilə bilməz. Həmçinin “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinin ikinci bəndində həmin Qanunun publik hüquqi şəxslərə şamil edilmədiyi göstərilmişdir.

Mülki Məcəllə və yuxarıda adıçəkilən qanunlar arasında ziddiyətin olduğu açıq aydın görünür. Belə olan halda “Normativ hüquqi aktlar haqqında” 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanununa nəzər salaq. Qanunun 2.5-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Beləliklə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.1-ci maddəsində qeyd edildiyi kimi, normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Yuxarıda nəzərdə tutulan müddəalardan çıxış edərək, təklif edirik ki, qanunvericilik normaları arasındakı bu cür kolliziya və qeyri müəyyənlik həll olunsun.


Опубликовано : 11-04-2025

Rəylər



Rəy bildir




Top