Nəbizadə Ələm Rəsul oğlu

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən, əgər işçinin işəgötürənə vurduğu ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 206-cı maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi barədə məhkəmə icraatı zamanı vurulan ziyanın ödənilməsi üçün hakimin bir sıra prosessual tədbirlər nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 206.2-ci maddəsinə əsasən, əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi məhkəməyə mülki mühakimə icraatında cinayət işini başlamaq kimi səlahiyyətini yalnız 265.5-ci maaddəsi ilə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, verir. Əmək Məcəlləsinin 206.2-ci maddəsində göstərilən hallar isə Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsi ilə tənzimlənir: Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ya Əmək Məcəlləsinin 206.2-ci maddəsinin prosessual qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması, ya da Mülki Prosessual Məcəlləsində müvafiq dəyişikliklər edərək, məhkəməyə mülki mühakimə icraatı zamanı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, cinayət işinin başlanılması kimi səlahiyyətinin verilməsi məqsədəmüvafiq olardı.


Опубликовано : 28-06-2025

Rəylər



Rəy bildir




Top