Qələndər Köçəri oğlu İsbəndiyarov

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində (Vəkil) hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslərin, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslərin yazılı test imtahanı vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilmələri təsbit edilmişdir. Azərbaycanda hüquq elmləri doktorlarının Vəkillər Kollegiyasına üzvlükdə imtahan və təlim mərhələlərindən azad olunması, lakin hüquq üzrə fəlsəfə doktorları üçün bu güzəştin tətbiq edilməməsi məsələsi hüquqi bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması və hüquq sisteminin səmərəliliyi baxımından təhlili vacib tələblərdən biri olmalıdır. Bu Qanuna əsasən, hüquq üzrə fəlsəfə doktorları yazılı test, şifahi müsahibə və icbari təlimdən azad olaraq birbaşa vəkil statusu ala bilmək kimi güzəştdən yararlana bilmirlər. Bu diferensial yanaşma qanunvericilik baxımından elmi dərəcələrin səviyyə fərqinə əsaslansa da, məzmun baxımından hüquqi və elmi fəaliyyətin dəyərini tam nəzərə almır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi də dövlət tərəfindən verilmiş və hüquq elmi sahəsində ixtisaslaşmanı təsdiqləyən rəsmi statusdur (dövlət sənədidir). Bu fərqləndirmə, nəticə etibarilə, elmi fəaliyyətə əsaslanan bərabərlik prinsipinə uyğun deyil və fərdi hüquqlar baxımından ayrı-seçkilik riski yaradır. Məsələyə konseptual və hüquqi ziddiyyətlər baxımından yanaşsaq, elmi dərəcələrin hüquqi və institusional statusu çərçivəsində Azərbaycanda elmi dərəcələr dövlət tərəfindən — AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə verilir.

İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında AR Prezidentinin Fərmanının 2.3-1-ci bəndinə uyğun olaraq, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.4.20-ci, 2.1.5.2-ci, 2.1.5.8-ci, 2.1.6.2-ci abzaslarında və 2.3.3-cü yarımbəndində AR Prezidenti yanında Ali Attestasiya Komissiyası AR-in mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqandır. Bu Qanunun 9-cu maddəsinə görə “Vəkillər Kollegiyası” isə AR- da fəaliyyət göstərən qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Hüquq üzrə fəlsəfə doktoru elmi fəaliyyətin ilkin və əsas mərhələsini təmsil edir, hüquq elmləri doktoru daha yüksək səviyyədə elmi araşdırmaların nəticəsidir. Hər iki dərəcə hüquq elmi sahəsində ixtisaslaşmanı və fundamental bilikləri təsdiqləyir. Hüquq üzrə fəlsəfə doktorları da hüquq elminin daşıyıcısı və inkişaf etdiricisidirlər. Onların hüquqi təhlil və normativ bilik səviyyəsi qanunvericilikdə nəzərdə tutulan minimal səriştə tələblərini adətən üstələyir. Qanunda məhdudiyyət yaradan hüquqi və məntiqi uyğunsuzluq – hüquq üzrə fəlsəfə doktorunun dövlət tərəfindən verilmiş elmi statusu olduğu halda, onun imtahandan, təlimdən və s. azad edilməməsi, hüquq elmləri doktoruna isə bu güzəştin verilməsi bu iki elmi status arasında süni və hüquqi əsaslandırması olmayan diferensiasiyaya səbəb olur. Bu isə AR Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipinə və elmi fəaliyyətin stimullaşdırılması məqsədlərinə uyğun deyil.

Beləliklə, hüquq üzrə fəlsəfə doktorlarının səriştə və hazırlıq səviyyəsinə şübhə ilə yanaşmaq dövlətin verdiyi elmi dərəcənin legitimliyini dolayı yolla sorğulamaq deməkdir. Belə normativ yanaşma elmi kadrların hüquqi praktikaya inteqrasiyasına maneçilik törədir və vəkillik peşəsinə keyfiyyətli kadrların cəlb olunmasını məhdudlaşdırır. Hüquqi baxımdan bu yanaşma əlaqələndirilməmiş normativ boşluq yaradır və vətəndaşların qanun qarşısında bərabərliyi prinsipinə ziddir. Ona görə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə aşağıdakı məzmunda yeni redaksiyada bənd əlavə edilməsini məqsədəuyğun sayırıq: “Hüquq üzrə fəlsəfə doktorları, əgər ən azı 3 il elmi, pedaqoji və ya hüquqi təcrübəyə malikdirlərsə, yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər”.


Опубликовано : 21-07-2025

Rəylər


  1. Xaliq ( 06-08-2025 )



    Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə aşağıdakı məzmunda yeni redaksiyada bənd əlavə edilməsini məqsədəuyğun sayırıq: “Hüquq üzrə fəlsəfə doktorları, əgər ən azı 3 il elmi, pedaqoji və ya hüquqi təcrübəyə malikdirlərsə, yazılı testi vermədən, şifahi müsahibədən keçmədən yalnız icbari təlimə cəlb olunmaqla vəkil ola bilərlər”.

Rəy bildir




Top