Konstitusiya Məhkəməsində keçirilən tədbirdə İnstitutun rəhbəri məruzə ilə çıxış edib
Mayın 6-da Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib. Sözügedən tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Azərbaycanın hüquqşünas alimləri və H-indeks” mövzusunda məruzə ilə çıxış edib. O, hüquq elminin inkişafı, hüquqşünas alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası və onların elmi fəaliyyətinin qiymətləndirilməsi istiqamətində İnstitut tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Həmçinin, beynəlxalq akademik mühitdə tədqiqatçıların elmi fəaliyyətlərinin məhsuldarlığını müəyyən edən əsas göstəricilərdən biri olan H-indeksin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, İnstitut tərəfindən hazırlanan “Hüquq sahəsi üzrə alim və tədqiqatçıların siyahısı”nda 111 hüquqşünas alim və tədqiqatçı barədə məlumat yer alıb. Həmin alimlərdən 27-si H-indeksə malikdir və bu göstəricinin təxminən 37 faizi İnstitut əməkdaşlarının payına düşür. Eyni zamanda, hüquq alimlərinin beynəlxalq elmi bazalarda təmsilçiliyinin artırılması məqsədilə bir sıra praktiki dəstək tədbirlərinin həyata keçirildiyi də diqqətə çatdırılıb.
Sonra İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev “2025-ci ildə Avropa Məhkəməsinin ölkəmizə qarşı mülkiyyət hüququ üzrə çıxardığı qərarlara baxış” mövzusunda çıxış edib. Məruzədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı Azərbaycana qarşı qəbul etdiyi qərarlar, həmin qərarlarda müəyyən edilmiş pozuntular, eləcə də İnstitutun apardığı təhlillərin nəticələri və statistik göstəricilər təqdim olunub.
Опубликовано : 06-05-2026
Просмотры : 32