Nəsimi və Nərimanov Rayon İcra hakimiyyətlərində “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlimlər keçirilib
14-15 may tarixlərində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Nəsimi və Nərimanov Rayon İcra hakimiyyətlərinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlimlər keçirilib. Təlimlərin məqsədi mülkiyyət hüququnun milli və beynəlxalq hüquq çərçivəsində qorunması mexanizmlərinin iştirakçılara izah edilməsi və bu sahədə praktiki biliklərin möhkəmləndirilməsidir.
Təlimlərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Əhmədzadə çıxış edərək, mövzunun aktuallığını vurğulayıblar və dövlət qurumlarının fəaliyyətində insan hüquqlarının, xüsusilə mülkiyyət hüququnun qorunmasının mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Sonra İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədə baxdığı işlərdən söz açıb. O, ötən il ərzində bu Məhkəmənin Azərbaycana qarşı mülkiyyət hüququnun müdafiəsinə dair verilmiş şikayətlər üzrə qəbul etdiyi qərarları diqqətə çatdırıb. Sədr müavini vurğulayıb ki, 2007–2025-ci illər ərzində bu kateqoriya üzrə ümumilikdə 67 qərar, 2025-ci ildə isə 16 qərar qəbul edilib. Qeyd olunan qərarların əhəmiyyətli hissəsi isə Bakı şəhərində həyata keçirilən söküntü işləri və daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı şikayətləri əhatə edir.
Daha sonra İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev mövzu üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mülkiyyət hüququnun anlayışı, onun müdafiə vasitələri, həmçinin hüquqi mübahisələrin qarşısının alınmasında qanunvericiliyin düzgün tətbiqinin və inzibati qərarların əsaslandırılmasının vacibliyi vurğulanıb.
Təlimlərin praktiki hissəsində iştirakçılara hipotetik hüquqi vəziyyət təqdim olunub. Praktiki müzakirələr zamanı iştirakçılar müxtəlif hüquqi yanaşmaları təhlil edərək, real təcrübədə rast gəlinən problemlərin həlli yollarını dəyərləndiriblər. Sonda təlim iştirakçıları tərəfindən proqram qiymətləndirilib və onlara sertifikatlar təqdim olunub.
Опубликовано : 15-05-2026
Просмотры : 37