Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün mülkiyyət hüququnun qorunmasına dair təlim keçirilib
İyunun 19-da Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim təşkil olunub.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Teymur Əzizov mülkiyyət hüququnun insan hüquqlarının təmin olunmasında, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində və ictimai münasibətlərin tənzimlənməsində mühüm rol oynadığını vurğulayıb. O, dövlət qulluqçularının bu sahədə hüquqi biliklərinin artırılmasının və müasir beynəlxalq hüquq standartlarının mənimsənilməsinin əhəmiyyətini qeyd edib.
Sonra İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev mülkiyyət hüququnun tarixi inkişaf mərhələləri, onun Roma hüququndan başlayaraq fundamental insan hüquqlarından biri kimi formalaşması və beynəlxalq hüquq sistemində əhəmiyyəti barədə məlumat verib. Eyni zamanda, bildirilib ki, heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, dövlət və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsi isə yalnız qabaqcadan ədalətli kompensasiya ödənilməsi şərti ilə mümkündür.
İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-eksperti Orxan Bəşirli tərəfindən mülkiyyət hüququnun müdafiə mexanizmləri və mövcud milli hüquqi vasitələr barədə məlumatlar təqdim edilib.
Təlim çərçivəsində keçirilən praktik sessiyada iştirakçılar hipotetik hüquqi situasiyalar əsasında qrup işinə cəlb olunublar. Onların sualları cavablandırılıb və praktiki məsələlər üzrə geniş müzakirələr aparılıb.
Опубликовано : 19-06-2026
Просмотры : 43