Xəyalə Kələşovanın “Düşmən dövləti tərəfindən 30 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarında törədilmiş ekoloji cinayətlər” adlı məqaləsi dərc olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Kələşova Xəyalə Xəqani qızının Polis Akademiyasının Elmi Xəbərləri jurnalının №1 (33), 2 mart 2022 - ci il buraxılışında “Düşmən dövləti tərəfindən 30 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarında törədilmiş ekoloji cinayətlər” adlı məqaləsi dərc olunub.
Müəllif məqaləsində qeyd edir ki, ərazilərimizin 30 ilə yaxın müddətdə Ermənistanın işğalında olması nəticəsində Azərbaycanın ərazilərində ekoloji terror aktları baş verib, Qarabağ və ətraf ərazilərin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə ciddi ziyan dəyib, təbii sərvətlər talan olunub, meşə örtüyü, flora və faunanın bir çox növləri məhv edilib, ətraf mühit çirklənməyə məruz qalıb.Bu məqalədə Ermənistanın işğal etdiyi torpaqlarımızda dünya dövlətlərinin gözü önündə beynəlxalq humanitar hüququn prinsiplərinə məhəl qoymayaraq misli görülməmiş vəhşiliklər törədilməsinə bir baxış keçirilmişdir. Dövrümüzdə ətraf mühitin mühafizəsi qlobal dünyanın problemlərindən biri olaraq aktualdır.
İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır.Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.Beynəlxalq hüquq istənilən hərbi işğalı öz xarakterinə görə “müvəqqəti işğal” kimi təsnif edir və işğalçı ölkənin işğal edilmiş ərazi üzərində suverenlik əldə etməsini nəzərdə tutmur, buna görə də işğal faktı ilə əlaqədar həmin ərazinin hüquqi statusu dəyişmir.Anneksiyanın (ilhaqın) istənilən forması qadağan olunduğundan, işğalçı ölkənin bu ərazidə hüquqi, sosial və iqtisadi strukturun dəyişdirilməsi məqsədilə fəaliyyət göstərmək azadlığı yoxdur. Azərbaycanın əvvəl işğal olunmuş bütün ərazilərində 260 min hektara yaxın meşə ərazisi var idi, lakin son 30 il ərzində meşə örtüyü sürətlə azalmışdır. Ermənilər Şuşanın nadir sərvətlərindən biri, qədim tarixə malik, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmış, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edərək Azərbaycan ərazisində ekoloji soyqırımı - ekosid törətmişlər.

Məqaləni linkə daxil olaraq oxuya bilərsiniz.




Dərc olunub : 2022-03-02 10:23:00
Oxunma sayı : 13