Haqqımızda


 

Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu (“İnstitut”) hazırda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” (“Mərkəz”) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla, hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” (“Mərkəz”) publik hüquqi şəxs yaradılmışdır. Mərkəz yarandıqdan sonra İnstitut onun tabeliyinə verilərək, yenidən təşkil edilib.

İnstitutun Nizamnaməsi Mərkəzin 25-26 iyul 2022-ci il tarixli protokoluna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

İnstitut 30 noyabr 1998-ci ildə “İnsan Haqları üzrə Elmi-Tədqiqat İnstitutu” kimi Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli 2069 nömrəli Sərəncamı ilə AMEA-nın İnsan Haqları üzrə Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilərək Hüquq və İnsan Haqları İnstitutu adlandırılmışdır. Sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli Qərarı ilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilmişdir.

İnstitutun müəyyən olunmuş vəzifə və hüquqları:

    ·     Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi tədqiqat, eksperimental araşdırmaların aparılması və elmi-praktiki tövsiyələrin hazırlanmasını təşkil edir;

    ·      Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək verir;

    ·      Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərir;

    ·      Qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak edir;

    ·      Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak edir;

    ·      Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsində iştirak edir;

    ·      Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak edir.

 

İnstitut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

    ·      Normativ hüquqi aktlarda boşluqların, kolliziyaların və sui-istifadə amillərinin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qüvvədə olan normativ hüquqi aktların hüquqi təhlilini aparır;

    ·      Azərbaycan Respublikasının və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli tədqiqatını aparır;

    ·      Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar və elmi-praktiki şərhlər hazırlayaraq  Mərkəzə təqdim edir.