Əməkdaşımızın “Hüquqi elmlər və təhsil” jurnalında məqaləsi dərc olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin elmi işçisi Günay Səhhət qızı Əliyevanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı sayında (s.16-28) “Qan və onun komponentlərinin donorluğu hüquqi aspektdə” məqaləsi işıq üzü görüb.
Qan və onun komponentləri qədim dövrlərdən məlum olan vacib müalicəvi vasitələrdən biridir. Müasir zamanda da tibbin bir çox sahələrində qan və onun komponentləri əvəzolunmaz müalicə vasitəsi kimi geniş istifadə olunur. Məlumdur ki, Azərbaycanda qan donorluğu “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanunla nizamlanır. Bu qanun Azərbaycan Respublikası Prezidentinin 3 may 2005-ci il tarixdə № 904-IIQ nömrəli Fərmanı ilə imzalanmışdır. Bununla yanaşı, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (2006-2010-cu illər) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 16 nömrəli Qərarı ilə, “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 233 nömrəli Qərarı ilə, “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il 22 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda qanköçürmə sahəsində fəaliyyəti nizamlayan bir çox normativ sənədlər də mövcuddur. Beləliklə, Azərbaycan Respublikasında donorluq təsdiq edilmiş əsasnamə və təlimata əsasən inkişaf etdirilir.
Məqalədə qan və onun komponentlərinin donorluğu hüquqi aspektdə araşdırılır. Eyni zamanda, müqayisəli tədqiqat metodlarından istifadə etməklə qan və onun komponentlərinin donorluğu ilə bağlı ayrı-ayrı dövlətlərin qanunvericiliyi və təcrübəsinin təhlili aparılır, müvafiq normaların müsbət və mənfi cəhətləri müəyyən edilir. Aparılmış tədqiqat həm də daxili cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edir.
Tədqiqatda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əlavə və dəyişikliklərin edilməsi və bəzi əməllərin cinayət tərkibinin qiymətləndirilməsi ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür. Yəni CM-nin 137-ci maddəsinin sanksiyasında və 137.3-cü maddəsinin dispozisyasında dəyişiklik edilməsini və CM-nə 137-1 və 137-2-ci maddələrinin əlavə edilməsi təklif edilmişdir.

Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.




Dərc olunub : 2022-04-21 11:21:00
Oxunma sayı : 4