“12 avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş Onlayn-Forum keçirilmişdir

12-13 avqust 2020-ci il tarixlərində Səmərqənd şəhərində “12 avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş Onlayn-Forum keçirilmişdir. Forum, BMT-nin 75-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Özbəkistan Hökuməti və Özbəkistan Respublikası İnsan Hüquqları üzrə Milli Mərkəzi tərəfindən təşkil edilmişdir.
Forum Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin, BMT-nin Baş katibi Antoniu Quterreşin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başeletin, Parlamentlərarası Birliyin Katibi Martin Çunqonqun, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun rəhbəri İnqibyorq Solyrun Gisladottirin, hökümət nümayəndlərinin, beynəlxalq və regional qeyri-hökümət təşkilatlarının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin, milli insan hüquqları institutlarının, gənclər təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə təşkil olunub.
Forumda, həmçinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və institutun Beynəlxaq hüquq şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov iştirak etmişlər. Aytən Mustafazadə ölkədə aparılan gənclər siyasəti, gənclərin hüquqlarının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar barədə məlumat vermiş, gənclərin ölkənin iqtisadiyyatında, elmin inkişafında rolundan bəhs etmişdir. Ramin Qurbanov isə “Gənclərin hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi: Azərbaycan təcrübəsi” mövzusunda çıxış etmiş, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən beynəlxalq və milli səviyyədə gənclərə dəstək və onların hüquqlarının qorunması sahəsində görülən işlərdən bəhs etmişdir.
Səmərqənd Forumunun əsas məqsədi gənclərin hüquqlarının qorunması və təşviqi üçün mövcud beynəlxalq və regional vasitələr və mexanizmlər sahəsində islahatların, habelə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin və BMT-nin İnsan hüquqları təhsili üzrə Dünya Proqramının həyata keçirilməsində gənclərin rolunun müzakirə olunmasıdır. Forumda həmçinin müasir dövrdə gənclərin hüquqlarının tanınması üçün zəruri sənəd olan Gənclərin Hüquqları üzrə Konvensiyanın ilkin layihəsinin müzakirəsi də planlaşdırılmışdır. Belə bir sənədin mövcudluğu dövlətlərin gənclər siyasəti ilə bağlı marağını cəlb edəcəkdir.


Dərc olunub : 13-08-2020

Oxunma sayı : 2