Aytən Mustafazadə: “Martın 20-dən aprelin 15-dək 614 nəfər ödənişsiz hüquqi yardım xidmətindən onlayn formada yararlanıb”

Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun bir çox alim və mütəxəssisi müxtəlif elmi-tədqiqat işləri üzərində fəaliyyətlərini davam etdirirlər. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsləri də öz üzərinə düşən vəzifələri yerinə yetirir, əməkdaşların gördüyü işləri mütəmadi olaraq işıqlandırırlar. Bu barədə institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə müsahibə verib. O, bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları müvafiq elmi fəaliyyət sahələrinə uyğun olaraq onlayn konfranslara qatılır, görüşlərdə iştirak edir, həmçinin yazdıqları elmi məqalə və tezisləri müxtəlif dövrü nəşrlərə təqdim edirlər.
Alim qeyd edib ki, məqalələr rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, kənd təsərrüfatının rəqəmsal transformasiyası, daxili miqrasiyanın hüquqi əsasları, Azərbaycanda elektron viza sisteminin tətbiq olunmasının hüquqi əsasları, ölkəmizdə readmissiya problemləri və onun həlli yolları kimi mövzulara həsr olunub.
İnstitut rəhbərinin sözlərinə görə, elmi-texniki tərəqqi və dövlətdaxili hüquq, insan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini, cinayət məsuliyyətinin hüquqi əsasları kimi məsələlər də qurumun alim və mütəxəssislərinin diqqət mərkəzindədir.
A.Mustafazadə, həmçinin institutun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə barədə məlumat verib: “2018-ci ilin mart ayından start götürən layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara – xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir."
Alim bildirib ki, vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir. Mart ayının 20-dən aprel ayının 15-dək pulsuz hüquqi yardım xidmətindən onlayn formada 614 nəfər yararlanıb.
O, institutun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın aprel ayı ərzində ardıcıl olaraq bir neçə onlayn ümumrespublika konfransında iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, konfranslarda koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı maarifləndirmə, “Evdə qalaq-bilgi alaq” kampaniyası çərçivəsində tibbi maarifləndirmə, koronavirusun dünya düzəninin dəyişməsinə təsiri kimi mövzularda müzakirələr aparılıb.
Direktor müəssisənin Dövlət və konstitusiya hüququ şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadənin “COVID-19 pandemiyasının yayıldığı dövrdə elektron məhkəmənin ədalət mühakiməsinə çatımlılığında rolu” adlı məqaləsinin Azərbaycanda və Ukraynada çap olunmasının nəzərdə tutulduğunu bildirib.


Dərc olunub : 18-04-2020

Oxunma sayı : 0