Fransanın təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinar Azərbaycan və Ermənistan alimləri arasında gərgin debatlarla yadda qalıb

15 aprel 2021-ci il tarixində Fransa Mədəniyyət Nazirliyinin nəzdində Milli İrs İnstitutu (Mİİ), “Europa Nostra” və Luvr Muzey Məktəbinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazın mədəni irsinin qorunması” mövzusunda beynəlxalq vebinar keçirilib.
Vebinarın əsas məqsədi Cənubi Qafqaz bölgəsində mədəni, tarixi irsin qorunması istiqamətində qarşıya çıxan problemlərin təhlili və Avropanın müvafiq elmi mərkəzlərinə çatdırmaq olub.
Yüzdən çox fransalı, azərbaycanlı, rus, gürcü və erməni alimin iştirak etdiyi beynəlxalq tədbirdə müzakirə olunan məsələlər arasında Qarabağın tarixi-arxeoloji abidələrinin, memarlıq incilərinin bu günkü vəziyyətinin müzakirə olunması mühüm yer tutub.
Vebinarın açılış mərasimində “Europa Nostra”nın və Dövlət Ermitajının baş direktorları, Mİİ-nin direktoru ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetitin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib.
Beynəlxalq tədbirdə ölkəmizi, həmçinin AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynov təmsil edib. “Nərgiztəpənin bənzərsiz abidələri” mövzusunda məruzə edən alim daha sonra sualları cavablandırıb, erməni iştirakçıların əsassız fikirlərinə tutarlı cavablar verib.
Rizvan Hüseynov, eyni zamanda ermənilər tərəfindən işğal edilən ərazilərimizdə Azərbaycan və Albaniya memarlığının incilərinin, demək olar ki, hamısının məhv olunduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların əcdadları tərəfindən tikilmiş orta əsr İrəvan qalası və onun yerləşdiyi İrəvanın tarixi mərkəzi yer üzündən silinib. Eyni aqibətlə Ermənistan Respublikası ərazisində olan digər Azərbaycan və Albaniya dövlətinə aid tarixi-arxeoloji və memarlıq abidələri də üzləşib.
Beynəlxalq vebinar haqqında ətraflı məlumatı, eləcə də Rizvan Hüseynovun məruzəsinin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.


Dərc olunub : 15-04-2021

Oxunma sayı : 1