Gənc alimimizin “Biotibbi tədqiqatların aparılması zamanı insan hüquqlarına əməl olunması zərurəti” başlıqlı məqaləsi dərc olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Novruz oğlu Aslanovun “Qanun” jurnalının № 04 (330) /2022-ci il buraxılışında “Biotibbi tədqiqatların aparılması zamanı insan hüquqlarına əməl olunması zərurəti” başlıqlı məqaləsi dərc olunub.
Məqalə biotibbi tədqiqatların aparılması zamanı insan hüquqlarına əməl olunması zərurəti ilə bağlı məsələlərə həsr olunub.
Məqalədə müasir biotexnologiyaların sürətli inkişafı kontekstində insanların nəzarətsiz elmi tədqiqatların qurbanına çevrilməməsi üçün hüquqi tənzimetmə yolu ilə elmi tədqiqatların lazımi və optimal hədlərinin müəyyən edilməsi zərurəti əsaslandırılır, habelə biotibbi tədqiqatların aparılması ilə bağlı beynəlxalq normalara uyğun modern qanunvericilik bazası formalaşdırılmasının vacibliyi vurğulanır.
Məqalə çərçivəsində aparılmış təhlillər və irəli sürülmüş fikirlər göstərir ki, insan üzərində biotibbi tədqiqatların aparılması ilə bağlı normalar bu sahədə beynəlxalq standartlara uyğun olmalıdır. Azərbaycanın dünya birliyinə inteqrasiya etməsi və nüfuzlu beynəlxalq təşkilatlara üzv olması, öz üzərinə müəyyən beynəlxalq öhdəliklər götürməsi insan hüquqlarının qorunması sahəsində (o cümlədən insan üzərində biotibbi tədqiqatların aparılması ilə bağlı) beynəlxalq standartların tələblərinin dəqiq şəkildə həyata keçirilməsini zərurətə çevirir. Ona görə də, ilk növbədə, biotibbi tədqiqatların aparılması ilə bağlı beynəlxalq normalara uyğun modern qanunvericilik bazası formalaşdırılmalıdır.
Müəllifin fikrinə görə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin ikinci hissəsinin mətnində “razılığı” sözündən, üçüncü hissəsinin mətnində isə “məlumat” sözündən əvvəl “yazılı” sözünün artırılması biotibbi tədqiqatlar kontekstində həyata keçirilən tibbi müdaxilələr zamanı məlumatlı razılıq tələbinin daha əyani və dolğun nəzərə alınması baxımından daha məqsədəmüvafiq olardı. Razılıq insan ləyaqətinin ifadəsidir və insanlar üzərində aparılan hər bir müalicə və ya tədqiqat zamanı subyektin maraqları qorunmalıdır. Bioetika və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 6 (1)-ci maddəsinə uyğun olaraq, xəstənin ləyaqəti anlayışını nəzərdə tutan tibbi prosedur üçün məlumatlı razılıq almaq tibbi heyətin əsas vəzifələrindən biri kimi ifadə edilmişdir. Həmin bəyannamənin 7-ci maddəsinə görə insanlar üzərində aparılan tibbi müayinələr və tədqiqatlar maksimal dərəcədə onların ən yaxşı maraqlarını təmin etməli və bu zaman daxili qanunvericiliyə riayət edilməlidir. Hesab edirik ki, insanlar üzərində biotibbi tədqiqatların aparılması onların həyat və sağlamlığı, habelə ləyaqətlərinə hörmət baxımından çox ciddi bir məsələ olduğundan bu zaman həm vətəndaşın razılığının alınması, həm də ona belə tədqiqatların mümkün riskləri və fəsadları barədə məlumatın verilməsi yalnız yazılı surətdə həyata keçirilməlidir və bu tələb qanunvericilikdə bilavasitə öz təsbitini tapmalıdır.




Dərc olunub : 2022-05-12 10:47:00
Oxunma sayı : 33