Professor Aytən Mustafazadə: “Hesab edirəm ki, tibbi və məhkəmə ekspertizalarının həyata keçirilməsində təcrübəli, bilikli mütəxəssislərin iştirakı çox vacibdir”

“İnjuria” hüquq jurnalının yeni – 13-cü sayı nəşr olunub. Jurnalın “Redaktorla müsahibə” rubrikasında Dünya Tibbi Hüquq (WAML) və Avropa Tibbi Hüquq (EAHL) assosiasiyalarının üzvü, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə ilə müsahibə yer alıb.
Aytən Mustafazadə müsahibəsində Azərbaycan hüquq elminin yeni sahəsi – tibb hüququnun tədqiqi və tədrisi məsələlərinin bu günki vəziyyəti, gələcək perspektivlərindən söz açıb. Diqqətə çatdırıb ki, müasir dünyanın elmi çağırışları vəkillərin, hüquqşünasların tibb hüququnun nəzəri əsaslarını öyrənmələrini vacib edir. “Bu məqsədlə Azərbaycan və rus dillərində dərslik tərtib etdik və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bu fənn tədris edilməyə başladı” – deyə Aytən xanım vurğulayıb. Onun sözlərinə görə, tibb hüququ artıq Azərbaycan Tibb Universitetinin tədris proqramında da yer alıb.
Aytən Mustafazadə Azərbaycan Respublikasının IV və V çağırış Milli Məclisinin deputatı kimi göstərdiyi fəaliyyətin əsas istiqamətlərindən bəhs edən sualları da cavablandırıb. Həmçinin Hüquq və İnsan Haqları İnstitutunda aparılan elmi tədqiqat işlərinin prioritetlərindən danışıb.
Alim daha sonra işğaldan azad edilmiş torpaqlarımızda tarixi abidələrin, mədəni irsimizin erməni vandalizminə məruz qalmasına hüquqi qiymətin verilməsi, dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin yeni inkişaf strategiyasının hüquqi platforması bu gün rəhbərlik etdiyi elmi tədqiqat müəssisəsinin alim və mütəxəssislərinin qarşısında mühüm vəzifələr qoyur: “Biz 100 il öncəsini də unutmamalıyıq, erməni faşizmi və cinayətini elmi tədqiqatlarımızda, kitablarımızda, monoqrafiyalarımızda hər kəsə duyurmalıyıq” – deyə vurğulayıb.
Müsahibənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.




Dərc olunub : 2021-10-06 16:12:00
Oxunma sayı : 0