Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq və şücaət ümummilli lider Heydər Əliyevdən bizə miras qalan azərbaycançılıq ideologiyasının, çoxəsrlik multikulturalizm ənənələrinin, milli birliyin, tolerantlığın təntənəsi idi

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin AZTV-nin "Xəbərlər" verilişinə müsahibəsində səsləndirilib. Alim ölkəmizdə yaşayan azsaylı xalqların və millətlərin ötən il 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri birliyi, həmrəyliyi yüksək qiymətləndirib. Qeyd edib ki, Vətən müharibəsi günlərində vətənpərvər azərbaycanlı, ahıska türkü, yəhudi, rus, talış, ləzgi, ingiloy, ukrayn, gürcü, alman, kürd, tat, avar gənclərimiz könüllü olaraq hərbi komissarlıqlara müraciət edir, ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşına qoşulub canları, qanları bahasına Vətən müharibəsində iştirak etmək istəyirdilər.
"Gənclərimizin göstərdiyi vətənpərvərlik və şücaət çoxəsrlik Azərbaycan multikulturalizm ənənələrinin, Ulu öndərdən bizə miras qalan azərbaycançılıq ideologiyasının, birliyin, tolerantlığın təntənəsi idi" - deyə alim vurğulayıb.
Aytən Mustafazadənin sözlərinə görə, torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Albert Aqarunov, Yuri Kovalyov, Denis Pronin, Oleq Mamontov, İsgəndər Aznaur, Dmitri Solnsev, Emil Qurbanov, İqbal Bayramov, Zaur Ağalı kimi qəhrəman vətən oğullarının xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün çox dəyərlidir.
Xatırladaq ki, noyabrın 03-də Hüquq və İnsan Haqları İnstitutunun və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə ölkəmizdə yaşayan azsaylı xalqların və millətlərin ötən il 44 günlük Vətən müharibəsində “dəmir yumruq” ətrafında nümayiş etdirdikləri milli birlik, həmrəylik yüksək qiymətləndirib.
Müsahibənin geniş videoyazısına buradan baxa bilərsiniz.




Dərc olunub : 2021-11-04 15:12:00
Oxunma sayı : 1