İşğal olunmuş Qarabağda yaşı təxminən 3000 il olan qədim türk balbalları aşkar edilmişdir

Zaman dəyişir və erməni ideoloqları görünür, öz “qədim” mövcudluqlarını türk mədəniyyətində və tarixində tapmağa tələsirlər. Türklər və türk faktoru dünya geosiyasətində getdikcə daha əhəmiyyətli amilə çevrilir. İndi artıq aydındır ki, erməni ideoloqları nə üçün qəfildən köçəri mədəniyyətinə və tarixinə “vurulmuşlar”.

Son vaxtlar Ermənistan tərəfi türk mədəniyyətini, adət-ənənələrini, kurqan məzarlıqlarını və arxeoloji tapıntılarını aktiv şəkildə “mənimsəməkdədir”. Bir neçə il öncə Ermənistan ərazisində - Şenqavitdə eramızdan təxminən 3 min il əvvələ aid qədim kurqan məzarlıqları aşkarlanmışdır. Burada qədim türk mədəniyyəti üçün səciyyəvi olan qurbanlıq atların dəfn edilməsi kimi kult nekropolları tapılmışdır. Bundan başqa, burada araba qalıqları, bürünc və dəmir məmulatları, silah və digər köçəri mədəniyyət nümunələri aşkar edilmişdir. Şenqavit Yerevanın yaxınlığında yerləşdiyindən, erməni KİV-lərində Yerevanın guya 6000 (!) il yaşı olması barədə məqalələr peyda olub. Bəzi başabəla erməni alimləri və KİV-lər bu nadir tapıntılara görə Ermənistanı “qədim bəşəriyyətin beşiyi” adlandırmış, lakin bütün bu qiymətli əşyaların bəyənmədikləri qədim köçəri mədəniyyətə aid olması barədə isə susmuşlar.

Bu günlərdə erməni KİV-lərində nadir arxeoloji tapıntılar barədə daha bir informasiya yayılmışdır – bu dəfə işğal olunmuş Qarabağ ərazisində. Nor Karmiravan kəndində (bu, Ağdam rayonunun işağl olunmuş Papravənd kəndidir) eramızın birinci minilliyinin əvvəllərinə aid yeni antropomorf stelalar aşkarlanmışdır. Lakin erməni müəllifləri qədim köçəri türk balballarının elmdə antrropomorf stelalar adlandırılmasını göstərməmişlər. Bunlar daş heykəllər olub qədim dövrlərdən bəri türk xalqlarının yaşadıqları geniş Avrasiya məkanında rast gəlinir.

Erməni KİV-ləri qeyd edirlər ki, bu cür balballar çoxlu sayda bütün işğal olunmuş Qarabağ ərazisində vardır. Lakin erməni arxeoloqları bu daş heykəllərin yalnız bu regionda olmasını iddia etməklə, bu tapıntıları ümumtürk köçəri irsindən çıxarmağa çalışırlar. Sələflərimiz balbalları “baba”, yəni “ulu əcdad” adlandırmışlar. Daş babalar – hərbçiləri, bəzən isə qadınları da təsvir edən 1-4 m hündürlüyündə antropomorf daş heykəllərdir. Balballar və ya babalar sırf köçəri, türk kultu və irsidir. Lakin bir müddət sonra erməni alimləri bu kultun əvvəlcə “qədim ermənilər”də , sonra isə türklərdə yayıldığını iddia etməyə başlasalar, təəccüblənməyə dəyməz. Erməni alimləri burada bir çətin dilemma ilə qarşılaşa bilərlər – ya “qədim ermənilər” köçəri olmuşlar, ya da müasir ermənilər heç də “qədim ermənilər”in nəslindən deyillər. Balbalların Uzaq Şərqdən və Sibirdən başlamış Aralıq dənizi, Dunay, Qafqaz və Kiçik Asiyaya qədər yayılması erməni psevdoelminə “Böyük Ermənistan”ərazisini onlarca dəfə genişləndirmək imkanı verir.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 102