AQTA-da “Ətraf mühit və insan hüquqları” mövzusunda təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu insan hüquqları sahəsində maarifləndirmə işinin genişləndirilməsi və hüquqi biliklərin artırılması məqsədilə növbəti təlimini noyabrın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) təşkil edib.

“Ətraf mühit və insan hüquqları” mövzusuna həsr olunan təlimin açılışında AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdiri Natiq Qənbərov çıxış edərək ətraf mühitin mühafizəsi ilə insan hüquqlarının təmin olunması arasındakı qarşılıqlı əlaqənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq fundamental insan hüquqlarının qorunmasının vacib şərtlərindəndir. Ətraf mühitin çirklənməsi insanların həyat keyfiyyətinə və digər əsas hüquqlarına birbaşa təsir göstərir.

Təlim çərçivəsində İnstitutun şöbə müdiri H.Babayev və təlimçi ekspertlər H.Əliyev və Z.Əlizadə tərəfindən iştirakçılara “İnsan hüquqları ətraf mühit kontekstində”, “Ekoloji və əlaqəli hüquqların beynəlxalq və milli müdafiə mexanizmləri”, eləcə də “Ətraf mühitə qarşı pozuntuların insan hüquqlarına təsiri (Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri)” mövzularında təqdimatlar edilib.

İnteraktiv müzakirələr şəraitində keçən təlimdə iştirakçılara ətraf mühitin qorunması və insan hüquqlarının təmin edilməsi sahəsində beynəlxalq yanaşmalar, milli qanunvericiliyin tələbləri, dövlət qurumlarının müvafiq öhdəlikləri, habelə ekoloji pozuntuların insan hüquqlarına təsiri barədə ətraflı məlumatlar verilib.


Dərc olunub : 17-11-2026

Oxunma sayı : 31