Azərbaycan Dillər Universitetində əmək hüquqlarına dair təqdimat keçirilib

Əmək hüquqları sahəsində hüquqi biliklərin artırılması və əmək münasibətlərində qanunvericiliyin düzgün tətbiqinin təşviqi məqsədilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən noyabrın 24-də Azərbaycan Dillər Universitetində maarifləndirici təqdimat keçirilib.

İnstitutun Hüquq və kadrlar şöbəsinin müdiri İsaməddin Xamoyev əmək qanunvericiliyinin əsas müddəaları, əmək münasibətlərinin hüquqi tənzimlənməsi, işçi və işəgötürənlərin hüquq və vəzifələri, könüllülük proqramları və istehsalat təcrübəsi, o cümlədən qanunvericilikdəki yeniliklər və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.

Təqdimat zamanı əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları, iş və istirahət vaxtının tənzimlənməsi, əməkhaqqının ödənilməsi, məzuniyyət hüququ, habelə işçilərin əmək hüquqlarının təmin olunması məsələləri geniş şəkildə izah edilib.

Bununla yanaşı, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulan hüquqi məsuliyyət, əmək mübahisələrinin həlli mexanizmləri, eləcə də əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasındakı fərqlər diqqətə çatdırılıb.

Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri daxil olmaqla, ümumilikdə 60 nəfər iştirak edib.


Dərc olunub : 24-11-2026

Oxunma sayı : 18