Azərbaycan və Çin davamli sosial-iqtisadi inkişaf yolunda

Məlum olduğu kimi bu gün dünyada Çin iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir. Çinin iqtisadi inkişaf modeli bazar mexanizmlərinin iqtisadi səmərəliliyinin sosial səmərəlilik və sosial ədalətlə optimal şəkildə uyğunlaşdırılmasına (uzlaşdırılmasına) əsaslanır. Çin dövlətinin qəbul etdiyi və həyata keçirdiyi müasirləşmə xətti dörd əsas istiqaməti – sənayeni, kənd təsərrüfatını, elm, mədəniyyət və təhsili və müdafiəni əhatə edir. Həmçinin Çin dövləti dövlət (ictimai) mülkiyyətinin hakim rolu çərçivəsində bazar mexanizmlərinin və çoxukladlı iqtisadiyyatın bütün formalarının tədricən genişləndirilməsi, yarımqapalı cəmiyyətdən dünyaya açıq olan cəmiyyətə keçilməsi, sosial-iqtisadi inkişaf sahəsində dövlətin rolunun əhəmiyyətli şəkildə dəyişdirilməsi və s. vasitəsilə bu ideyanı reallaşdırmağa çalışır. Dövlətin rolu yalnız bunlarla bitmir. Belə ki, Çin hökuməti ölkədə sosial-iqtisadi rifahı və inkişafı sürətləndirmək üçün azad rəqabəti dəstəkləyir, sahibkarları haqsız rəqabətdən qoruyur, sosial-iqtisadi yönümlü bazar münasibətlərinin inkişafına zəmin yaradır, cəmiyyətin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirir, əsas məzmununu bərabər hüquqlar, imkanlar, qaydalar və bölgü təşkil edən sosial ədalətin təminatı sistemini formalaşdırır, sosial-iqtisadi bazar münasibətlərini stabilləşdirir, yəni fəal əhalinin məşğulluq səviyyəsinə, kadrların hazırlanmasına, işədüzəlməyə, inflyasiyaya və s. nəzarət edir, sosial-iqtisadi gerçəkliyin elmi təhlili əsasında sosial-iqtisadi inkişafı stimullaşdırır və digər zəruri tədbirləri həyata keçirir.

Çin sosializmi demokratik, hüquqi, bərabərhüquqlu, ədalətli cəmiyyət quruculuğuna yənəlmiş hərtərəfli və əlaqələndirilmiş, vətəndaşların hüquq və mənafelərinin uzlaşdırılmsını təmin edən sosial-iqtisadi inkişaf xəttinə əsaslanır. Qeyd olunanlar Çinin bu sahədə müasir standartlardan və sosial-iqtisadi hüquqların təminatı sahəsində istənilən inkişaf etmiş ölkənin göstəricilərindən geri qalmayan nəticələr əldə etməsini şərtləndirir.

Sirr deyildir ki, son 30 ildə Çinin əldə etdiyi böyük sosial-iqtisadi nailiyyətlər bütün dünyada diqqət mərkəzindədir. Bu baxımdan Çinin müsbət inkişaf təcrübəsinin digər inkişaf etməkdə olan ölkələrdə tətbiq edilməsi məsələsinin də aktuallığı da artır.

Çinin uğurları iqtisadi-sosial inkişafı şərtləndirən daxili və xarici faktorlardan məqsədyönlü şəkildə istifadə olunması, özünəməxsus sosial-iqtisadi inkişaf xəttinin həyata keçirilməsi, son 30 ildə Çinin qloballaşma proseslərinə və onun üstünlüklərindən optimal istifadə edilməsinə fəal şəkildə qoşulması, iqtisadi-sosial sahədə davamlı, rasional və ardıcıl islahatların həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Əslində Çin iqtisadiyyatı və cəmiyyəti üçün tarixi, mədəni, coğrafi, demoqrafik, geopolitik faktorlarla bağlı özünəməxsus, həm də tipik xüsusiyyətlər xasdır. Çin inkişaf etməkdə olan ölkə olduğu üçün inkişaf etmiş ölkələri təqib etməyə və öz geriliyini aradan qaldırmağa çalışır. Həmçinin son dövrlərə qədər Çin mərkəzləşdirilmiş planlı iqtisadiyyatı olan totalitar siyasi rejimə malik dövlət idi və ona görə də burada iqtisadi və sosial həyat dövlətləşdirilmişdi. Bu səbəbdən də Çində bazar iqtisadiyyatı və ona müvafiq olan hüquqi, siyasi və mədəni institutların formalaşdırılması bir çox mürəkkəb problemləri də ortaya çıxarır.

Bu gün Azərbaycan və Çin arasında çoxtərfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın Çinlə əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidentinin 2005-ci ildə Çin Xalq Respublikasına rəsmi səfəri zamanı dövlətlərimiz arasında imzalanmış cinayətkarların ekstradisiyası haqqında müqavilə və ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair saziş və digər sənədlər (məsələn, AMEA-nın İnsan hüquqları İnstitutu ilə Çin Xalq Respublikasının Müasir Beynəlxalq Əlaqələr Akademiyası arasında elmi əməkdaşlıq haqqında müqavilə) hüquqi sahədə əlaqələrin inkişafına təkan vermişdir.

Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan və Çin arasında oxşar xüsusiyyətlər vardır. Məsələn, hər iki dövlət keçmişdə mərkəzləşdirilmiş planlı iqtisadiyyata və inzibati amirlik sisteminə malik olmuşdur və hazırda bazar iqtisadiyyatı yolunu, sosial yönümlü dövlət quruculuğunu inkişaf yolu kimi seçmişdir. Bundan başqa, dünyada hökm sürən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın və Çinin iqtisadiyyatı davamlı şəkildə inkişaf etmişdir. Həm Azərbaycan, həm də Çin dövləti öz fəaliyyətində vətəndaşlarının sosial təminatına və rifahına, bütövlükdə isə onların hərtərfli dövlət qayğısı ilə əhatə olunması məsələsinə xüsusi önəm verir.




Dərc olunub : 2013-10-31 15:04:00
Oxunma sayı : 21