Cənubi Qafqazda postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektlərinə həsr olunan beynəlxalq konfrans keçirilib

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
Onlayn tədbirdə Azərbaycan, Polşa, Moldova, Litva, Gürcüstan, Qazaxıstan və Qırğızıstan respublikalarından, eləcə də İsrail dövlətindən və Rusiya Federasiyasından olan ekspertlər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vurması, onun müharibəyəqədərki və Qələbədən sonra diplomatik fəaliyyəti, mühüm beynəlxalq sənədlərin qəbul olunması istiqamətində qazandığı uğurlar gələcək iqtisadi dövlətlərarası layihələr beynəlxalq konfransın iştirakçıları tərəfindən presendent olaraq təhlil olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə vurğulayıb ki, coğrafi mövqeyinə və geosiyasi önəminə görə Qafqazda baş verən hadisələr həmişə tarixi və qlobal əhəmiyyət kəsb edib. “Bu baxımdan, başa çatmasının bir illiyini qeyd etməyə hazırlaşdığımız 2020-ci ilin 44 günlük Vətən müharibəsi də istisna deyil” – deyə alim qeyd edib.
Məruzəçi, həmçinin Azərbaycan Respublikası ərazilərinin işğal faktını təsbit edən beynəlxalq aktlardan və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı”, “Zalyan, Sarqsyan və Serobyan Ermənistana qarşı” və “Muradyan Ermənistana qarşı” işləri ilə bağlı qərarlarından söz açıb.
Aytən Mustafazadə diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının lideri Prezident İlham Əliyevin virtuoz diplomatiyası sayəsində işğalçının aqressiyasına adekvat cavab verilməsi vaxtı düzgün seçilib.
Onun sözlərinə görə, cənab Prezidentin müdrikliyi yalnız hərbi kampaniyanın aparılmasında deyil, həmçinin postkonflikt dövründə də qüvvə və prioritetlərin mükəmməl yerləşdirilməsində özünü büruzə verib. Ölkənin coğrafi mövqeyini və geosiyasi əhəmiyyətini nəzərə alan rəsmi Bakı regionda iqtisadi əlaqələrin bərpası prosesinə beynəlxalq maraq cəlb edə bilib.
Aytən xanım qeyd edib ki, artıq beynəlxalq diskussiyalarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın təşəbbüslərinə əsaslanan regionda 3+3 (Azərbaycan-Gürcüstan-Ermənistanın regional ölkələr olan Rusiya-Türkiyə-İranla tərəfdaşlığı) formulu çərçivəsində əməkdaşlığın yaradılması üzrə təklifləri gündəmdədir. Bu format regional təhlükəsizlik üçün etibarlı baza rolunu oynaya bilər.
Bu baxımdan, Avropadan Asiyaya qədər böyük geosiyasi bir ərazidə keyfiyyətcə yeni inkişaf vektorunu müəyyənləşdirən Cənubi Qafqazdakı mühüm dəyişikliklər barədə müxtəlif ölkələrin tanınmış ekspert-alimlərinin fikirləri yetərincə maraqlıdır.
Daha sonra onlayn tədbirdə çıxış edən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, 2-ci dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq üzrə elmlər doktoru, professor Namiq Əliyev postmünaqişə dövründə Azərbaycan–Ermənistan münasibətlərinin bəzi siyasi-hüquqi aspektlərindən danışıb.
Alim vurğulayıb ki, 2020-ci il noyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistan baş nazirinin üçtərəfli Bəyanatı imzalaması Azərbaycanda yığcam yaşayan ermənilərin çoxmillətli multikultural cəmiyyətimizə dinc inteqrasiyasına şərait yaradıb.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlanılıb, hazırda bu işlər davam etməkdədir. Adıçəkilən proses dövlət sərhədlərinin qarşılıqlı tanınmasına dair müvafiq sülh sazişinin imzalanması ilə başa çatmalıdır.
Natiq diqqətə çatdırıb ki, üçtərəfli bəyanatın imzalandığı ilk dəqiqələrdən Ermənistan Respublikasında ona qarşı müxalifətin ortaya çıxması özlüyündə təbii haldır, xüsusən də nəzərə alınsa ki, bu münaqişəni törətmiş, Azərbaycanın dinc sakinlərini qətlə yetirmiş, şəhər və kəndlərini dağıtmış, tarix və mədəniyyət abidələrini məhv etmiş, digər müharibə cinayətləri törətmiş ünsürləri hansı ağır nəticələr gözləyir. Bütün bu əməllərinə görə onlar beynəlxalq hüquqa uyğun cavab verməli olacaqlar.
Namiq Əliyev öz çıxışında Azərbaycanda erməni icması problemi, Ottava Konvensiyası və minalı sahələr problemi, Ermənistan Respublikasının Azərbaycan ərazisində döyüş əməliyyatlarına cəlb etdiyi muzdluların məsuliyyətə cəlb edilməsi məsələləri, eləcə də “hərbi əsirlər”, yoxsa terrorçular” kimi mühüm məsələlərdən danışıb.
Beynəlxalq ekspertlər onlayn konfrans çərçivəsində Cənubi Qafqazda postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri fonunda aparılan müzakirələrdə “Cənubi Qafqaz: regional əməkdaşlığın yeni formatı”, “2020-ci ilin Qarabağ müharibəsi nəzərə alınmaqla Abxaziya-Gürcüstan münaqişəsinin həllinin müasir imkanları”, “Azad edilmiş Qarabağ ərazilərinin bərpası və iqtisadi imkanların genişlənməsi”, “ABŞ və üzdəniraq “erməni məsələsi”nin reanimasiyası geosiyasəti”, “2020-ci ildə geosiyasi proseslər şəraitində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi”, “İsrail-Azərbaycan: ərazi bütövlüyü naminə tərəfdaşlıq”, “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi baxımından Dnestryanı münaqişənin həlli perspektivləri” kimi prioritet məsələlərdən danışıblar.
Daha sonra “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” adlı məqalələr toplusu beynəlxalq konfransın iştirakçılarına təqdim olunub.
Onlayn tədbirin sonunda Hüquq və İnsan Haqları İnstitutunun yaradıcısı və qurucusu, institutun ilk direktoru, Azərbaycanın ilk siyasi elmlər doktoru, professor Rövşən Mustafayev tərəfindən təsis edilən, ətrafında dünyanın bir çox ölkəsindən olan tanınmış ekspert və alimləri birləşdirən “Bakı klubu”nun yenidən bərpa olunması elan edilib. Bu klubda gələcəkdə dünya əhəmiyyətli aktual mövzular müzakirə olunacaq, təşəbbüslər irəli sürüləcəkdir.




Dərc olunub : 2021-10-20 15:28:00
Oxunma sayı : 2