MPK ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında əməkdaşlıq

1 oktyabr 2019-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı xanım Aytən Mustafazadə ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov arasında işgüzar görüş olub. Görüşdə fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı A. Mustafazadə qeyd edib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu əlilliyi olan şəxslərin hüquqlarının tam şəkildə təmin olunması ilə bağlı Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq etməyə maraqlıdır. Bu əməkdaşlıq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluq və müyəssərliyin təmin olunması istiqamətində ola bilər.
O bildirib ki, hazırda Bakıda və ölkəmizin digər regionlarında əlilliyi olan şəxslərin qarşılaşdığı başlıca problemlər müyəssərliklə bağlıdır. Fiziki məhdudiyyəti olan insanların şəhərdə və müxtəlif obyektlərdə rahat hərəkət edə bilmələri üçün müyəssərliyin təmin edilməsi vacibdir. “AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən bu sahədə təbliğat istiqamətində bir sıra işlər həyata keçirilib. Lakin Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq işlərin daha da effektivliyi üçün faydalıdır” deyə xanım natiq əlavə edib.
MPK prezidenti İlqar Rəhimov da öz növbəsində rəhbərlik etdiyi qurum barədə məlumat verib. O qeyd edib ki, Milli Paralimpiya Komitəsi əsasən idman təşkilatıdır. Bununla belə, komitə məhz əlilliyi olan şəxslər bağlı ölkədə fəaliyyət göstərən ən böyük qurumdur.
“Əsas hədəfimiz əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasıdır. Biz istəsək də, istəməsək də, əlilliyi olan şəxslərin digər problemləri ilə də məşğul oluruq. Küçələrdə, universitetlərdə, məktəblərdə və yarışların keçirildiyi idman arenalarında müyəssərliyin olmaması, əlilliyi olan idmançıların fəaliyyətinə maneələr yaradır. Odur ki, biz həmin problemlərin həlli istiqamətində də işlər görməli oluruq” deyə o əlavə edib.
İlqar Rəhimov ölkəmizdə infrastruktur obyektlərinin əlillər üçün müyəssər olması üçün işlər görüldüyünü qeyd edib və bildirib ki, bu sahədə ekspertlərin hazırlanması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.
Görüş zamanı xanım Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib. MPK prezidenti İlqar Rəhimov təklifi müsbət qarşılayıb. Bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.


Dərc olunub : 01-10-2019

Oxunma sayı : 12