Avropa-mühacirlər-diskriminasiya

Balayev   Xaqan

AMEA  İnsan  Hüquqları  üzrə  Elmi-Tədqiqat

İnstitutunun  “Siyasi  analitika” şöbəsinin böyük 

elmi  işçisi, siyasi  elmlər  üzrə fəlsəfə  doktoru

 

AVROPA-MÜHACİRLƏR-DİSKRİMİNASİYA

    Hər  bir  mühacirət  insanların  sadəcə  mexaniki  yerdəyişməsi  yox, siyasi  və  sosial-iqtisadi  həyatın  müxtəlif  sahələrinə  təsir  göstərən  mürəkkəb  ictimai  prosesdir, özünəməxsus  siyasi, hüquqi, etnik-milli, sosial, iqtisadi, demoqrafik, hətta  ekoloji  aspektlərə  malik   olur  və  müvafiq  problemlər  doğurur. 

Son   zamanlar  Yaxın  Şərq  böhranı   ilə  əlaqədar  dünyanın   geostrateji  durumunda  bəşər  tarixinin  analoqu  olmayan  mühacir  dalğası  yaşanmaqdadır.  Rəsmi  mənbələrin  məlumatına  görə  bu  gün  vətənlərini  tərk  edərək  mühacir  həyatı  yaşamağa  məcbur  olan  insanların  dünya  üzrə  ümumi  sayı  60  milyona  qədərdir. Müqayisə  üçün  deyə  bilərik  ki,  bu  II  dünya  müharibəsinin  bitməsindən  sonra  baş  vermiş  mühacir  dalğasından  (o  zaman  qaçqınların  sayı  17  milyon  təşkil  etmişdi)  4  dəfə  çoxdur.  Mühacirət  edənlərin  böyük  əksəriyyəti  Liviya, Tunis, Suriya, Pakistan, Əfqanıstan, Banqladeş  kimi  xaos  və  anarxiyanın  hökm  sürdüyü  ölkələrin  vətəndaşlarıdır.  Dünyanın  bir   sıra  bölgələrinə  səpələnmiş  bu  insanların  üz  tutduğu  əsas  regionlardan  biri  Avropa İttifaqı  dövlətlərinin  ərazisidir.  Mühacirlərin  mühüm  bir  qismi  burada  məskunlaşmaq  istəmiş, müəyyən  qruplar  halında  Aralıq  dənizi  vasitəsilə  Avropaya  köç  etməyə   başlamışdır.  Qaçqınların   qərbdə  üzləşdiyi  ilk  və  ən  ciddi  problemlərdən  biri  sığınacaq  məsələsi  ilə  bağlı  olmuş, bir  çox  hallarda  onlar  üçün  bu  sahədə  maneələr  yaradılmışdı.  “Sığınacaq  hüququ”nun  beynəlxalq  hüquq  təsisatı  (institutu) kimi  meydana  çıxması  burjua  inqilabları  dövrünə  aiddir  (ilk  dəfə  1789-cu  ildə  Fransa  burjua  inqilabı  zamanı  elan  olunmuşdur) və adətən  siyasi mühacirlərə  şamil  edilir. Mahiyyəti  etibarilə  dövlətin  siyasi, yaxud  elmi  fəaliyyətlərinə  görə  təqib  edilən  xaricilərin  öz  ərazisinə  gəlməsinə  və  orada  olmasına  icazə  vermək  hüququdur.  Xarici  vətəndaşı  öz  ərazisinə  buraxmaq, yəni  sığınacaq  hüququ  vermək  məsələsini  bu  və  ya  digər  dövlət  öz  dövlətdaxili  aktlarına  (xüsusi  qanun,  konstitusiya)  əsasən  həll etmək  hüququna  və  səlahiyyətinə  malikdir.  Bu  mənada  siyasi  sığınacaq  hüququ  vətəndaşa  yox, dövlətə  məxsusdur. Dövlət  öz  suverenliyinə  əsaslanaraq, beynəlxalq  və  daxili  hüquqa  uyğun  olaraq  sığınacaq  almaq  haqqında  müraciət  edən  şəxsin  xahişini  təmin, yaxud  rədd  edir.

 “İnsan  hüquqları  haqqında  ümumi  bəyannamə”nin  14-cü  maddəsinin  1-ci  bəndi  ilə  sığınacaq  hüququ  qismən  vətəndaşa  da  aid  edilmişsə  də  (“Hər  bir  insan  təqibdən  yaxa  qurtarmaq  üçün  başqa  ölkələrdə  sığınacaq  axtarmaq  və  bu  sığınacaqdan  istifadə  etmək  hüququna  malikdir), siyasi  proseslərin  sonrakı  gedişatı  göstərmişdi  ki, təcrübədə  bu  elə  bir  əhəmiyyət  kəsb  etməmişdir. Bu  aspektdə  mühacir  qruplarının  Avropaya  gəlişi  intensivləşən   kimi  (2015-ci ilin  yayından  etibarən  bu  proses  geniş  vüsət  almışdı)  qərb  siyasətçiləri  bunu  çox  sərt  reaksiya  ilə  qarşılamışlar.  Mühacirət  edənlərin  sayı  çoxaldıqca  onların  qəbulu  və  yerləşdirilməsi  zərurətə  çevrilmişdi.  Almaniya  və  Skandinaviya  dövlətləri  qaçqınların  Avroittifaq  ölkələri  üzrə  paylaşdırılmasının  kvota  prinsipini  təklif  etsələr  də  (bu  müddəaya  görə  hər  bir  ittifaq  üzvünə  müəyyən  mühacir  faizi  ayrılmalı  və  həmin  dövlət  onları  öz  ərazisində  yaşayış  yeri  ilə  təmin  etməli  idi), Şərqi  və  Cənubi  Avropa  ölkələri  bu  təklifə  müxalif  mövqedən  yanaşmış, müxtəlif  iqtisadi  problemlərini  bəhanə  gətirərək  ona  etiraz  etmişdilər. Göründüyü  kimi  bütün  bu  proseslərin  nizamlanmasında  ilk  mərhələ  olan  qaçqınların  qəbulu  və  yerləşdirilməsi  məsələsində  Avropa  Birliyi  vahid  siyasi  doktrinaya  riayət  edə  bilməmişdir. Bu  isə  öz  növbəsində  Avropada  mühacir  böhranının  meydana  çıxmasına  səbəb  olmuşdur. Hər  zaman  özünü  insan  hüquqları  prinsiplərinin, tolerantlığın, multikulturalizmin  vətəni  kimi  təqdim  edən  qərb  bu  kontekstə  müvafiq  qaçqınlarla  həmrəylik  nümayiş  etdirməli, onların  maraqlarını  nəzərə  almalı  idi.  Reallıqda  isə  biz  bu  gün  tam  fərqli  mənzərə  ilə  rastlaşmış  oluruq, müəyyən  hallar  istisna  edilməklə  qaçqınlara  nəinki  humanizm  nöqteyi-nəzərindən  yanaşılmamış, hətta  bir  sıra  məqamlarda  onlar  irqçi-şovinist  ünsürlərin  təzyiqlərinə  məruz  qalmışdır.  Avropa  KİV-lərində  mühacirlərə  qarşı  kəsin  bəyanatlar  səslənmiş, nümayişlərdə  və  digər  etiraz  aksiyalarında  diskrimaniya  xarakterli  çıxışlar  edilmişdir.  Bu  formatda  cərəyan  edən  hadisələrə  diqqət  yetirdikdə  görürük  ki, qaçqınlar  əleyhinə  olan  kampaniyada  tək  ekstremist  yönlü  təşkilatlar  deyil, eyni  zamanda  nüfuzlu  qərb  siyasətçiləri  də  fəal  iştirak  etmiş  və  etməkdədirlər. Bu  proseslər  fonunda  Fransanın  xarici  işlər  naziri   Loran  Fabius  qaçqınlara  qarşı  yönəlmiş  ilk  bəyanatlardan  birini  vermişdir. Belçikanın  Soir  qəzetinə  verdiyi  müsahibəsində  o  bildirmişdi  ki, “Avropa  başqa  böhranlara  da  şahid  olmuşdur, lakin  bu  məsələ  də  müəyyən  qədər  Avroittifaqın  öz  mövcudluğu  sual  altına  qoyulmuşdur. Əgər  hər  bir  kəs  fikirləşirsə  sərhədlərində  nəzarəti  gücləndirməklə  böhrandan  çıxa  biləcək-bu illüziyadır. Açıq  şəkildə  deməliyik  ki, qaçqınlara  münasibətdə  həmrəylik  halları  istisna  olmaqla, Aİ  bütün  iqtisadi  mühacirlər  üçün  qapılarını  aça  bilməz. Əks  təqdirdə  mühacirlərin  axını  nəzarətdən  çıxar,  bu  isə  öz  növbəsində  Avropa  sisteminin  tənəzzülü  və  cəmiyyətin  radikallaşması  ilə  nəticələnər”.

Avroittifaq  ölkələri   arasında  Macarıstan  rəhbərliyi  mühacirlərə  qarşı  ən  kəskin  mövqeyi  ilə  fərqlənmişdir.  Bu  ölkənin  baş  naziri  Viktor  Orbanın  çıxışı  öz  şovinist  əhval-ruhiyyəsi  və  antiislam  ritorikası  ilə  xüsusi  seçilirdi.  Onun  çıxışından  bəzi  məqamlara  diqqət  yetirək, “Əgər  qaçqınların  axını  dayandırılmasa,  Avropada  xristianlar  azlıqda  qalacaq,  Avroittifaq  isə  öz  identikliyini  itirəcək.  Avropa  siyasətçiləri  təsəvvür  belə  etmirlər  ki, gəlmələr  bizim  üçün  necə  böyük  təhlükədirlər. Onlar  problemin  miqyasından  şübhələnmirlər – söhbət  on  milyonlarla  insandan   gedir.  Biz  onların  hamısını  buraxsaq, Avropa  məhv  olacaq. Miqrasiya  nəticəsində  müsəlmanlar  yaxın zamanda  Avropada  çoxluq  təşkil  edəcəklər.  Avropa  bu  mədəniyyətlər  arasında  rəqabətə  imkan  yaratsa  xristianlar  uduzacaqlar”. 

Göründüyü  kimi  qərb  siyasətçiləri  öz  çıxışlarında  açıq  şəkildə  cəmiyyətə  irqçi  təbliğatlarını  aşılayır,  müsəlmanların  Avropaya  gəlişinin  qarşısını  almağa  çağırırdılar.  Əgər  fransız  nazirin  çıxışı  müəyyən  qədər  diplomatik-humanist  tonlarla  pərdələnmişdisə, macar  siyasətçisi  barədə  bunu  qətiyyən  deyə  bilmərik, onun  nitqi  üçün  tam  barizliyi  ilə  ifrat  millətçilik  səciyyəvi  idi. Obyektivlik  naminə  qeyd  etməliyik  ki,  Viktor  Orbanın  bu  bəyanatı Avroparlamentdə  də  narazılıqla  qarşılanmış,  bəzi  deputatlar  ona  qarşı  sərt  fikirlərini  səsləndirmişdilər.

Avroittifaq  liderləri  arasında  istisna  hal  kimi  Almaniyanın  baş  naziri  A. Merkelin  mövqeyini  göstərə  bilərik. O, bəyan  etmişdi  ki,  “mühacirlər  üçün  qapımız  açıqdır, Almaniyaya  gələn  istənilən  hər  bir  kəs  sığınacaq  əldə  edə  bilər”.  Merkelin  bu  bəyanatı  nəinki  Almaniyada,  həmçinin  Avroittifaqın  özündə də  ciddi  etirazlarla  qarşılanmış, qərbin  nüfuzlu  mətbu  orqanlarında  onun  əleyhinə  tənqidi  yazılar  dərc  edilmişdi. Bu  hadisələrdən  bir  qədər  sonra  Almaniyanın  xarici  işlər  naziri  Frank  Valter  Ştaynmayer  jurnalistlərə  verdiyi  müsahibəsində  öz  baş  nazirinin  sözlərinə  aydınlıq  gətirərək  vurğulamışdı  ki, Almaniya  yalnız  müharibə  və  zorakılıqdan  qaçan  insanlara  sığınacaq  verəcək. 2015-ci  ilin  sentyabrında  isə  Almaniyanın  miqrasiya  qanununda  mühacirlərin  gəlişini  məhdudlaşdırmaq  məqsədilə  dəyişikliklər  edilmişdi.  Digər  tərəfdən  Almaniyanın  bir  sıra  şəhərlərində  ekstremist  yönlü  partiyaların  təşəbbüsü  ilə  kütləvi  antiislam  nümayişləri  keçirilmişdi. Bu  aksiyalarda  “Patriotik  avropalılar”  hərəkatı  xüsusi  fəallıq  göstərmişdi.  Onlar  Drezdendə  25  min  nəfərin  qatıldığı  küçə  nümayişi  keçirmişdilər.  Avropa  Şurası  Almaniyada  irqçi  meyllərin  güclənməsi  ilə  əlaqədar  öz  müraciətini  yaymışdı.  Burada  deyilirdi, “Narahatlıq  doğuran  hadisələr  baş  vermiş, irqçilik  və  ksenofobiya  şüarları  səsləndirilən  nümayişlər  keçirilmişdi. Dözümlülüyün  və  mədəniyyətlərarası  dialoqun  yaradılması  üçün  lazımi  tədbirlər  görülməlidir”.

Bu  tipli  sənədlər  sırf  hüquqi  xarakterli  olub, mühacirlərin  ümumi  vəziyyətinə  təsir  etmirdi.  Eyni  zamanda  vurğulamalıyıq  ki, Almaniyada  bu  kimi  hallara  baxmayaraq, qaçqınların  ən  çox  diskriminasiyaya  məruz  qaldıqları  ölkələr  Slovakiya, Çexiya, Macarıstan, Polşa  olmuşdur.  Burada  cəmiyyətin  böyük  əksəriyyəti  qaçqınlara  qarşı  çıxmışdır.  Macarıstan  bu  sahədə  yenə  də fərqlənmiş, mühacirləri  ölkəsinə  buraxmamaq  üçün  Xorvatiya  və  Serbiya  ilə  sərhədlərini  bağlamışdır. Burada  bir  məqama  da  diqqət  yetirməliyik  ki,  Almaniya  kimi  multikulturalizm  ideyalarının  (son  zamanlar  bu  siyasətdə  ciddi  deformasiya  prosesləri  özünü  göstərir)  geniş  yayıldığı  ölkədə  qaçqınlara  şovinist  münasibət  göstərilmişdirsə, Şərqi  Avropanın  tarixən  monomilli  ənənəyə  malik  dövlətlərindən onlara  qarşı  humanist prinsiplərin  tətbiq  edilməsini  gözləməyə  dəyməzdi.  Xorvatiyada  isə  qaçqınlar  ümumiyyətlə  taleyin  ümidinə  buraxılmışdılar.  BMT-nin  qaçqınların  işləri  üzrə  komissarı  Rafal  Kostjinski  Xorvatiyada  gördüklərini  belə  şərh  etmişdi. “Onlara  ən  sadə  humanitar  yardım  belə  göstərilməmişdir. Ən  acınacaqlısı  isə  odur  ki  qaçqınlara  heç  kəs  heç  bir  məlumat  vermir.  Qaçqınlar  tam  qeyri-müəyyənlik  vəziyyətindədirlər. Xorvatiya  hökuməti  mühacirlərə  kömək  etmək  əvəzinə  onları  Macarıstana  göndərir”.

Beləliklə  qeyd  olunan  faktorlara  yekun  olaraq  deyə  bilərik  ki, insan  hüquqlarının  aliliyini, tolerantlığı, multikulturalizmi  və  digər  ümumbəşəri  dəyərləri  öz  dəyişməz  dövlət  siyasəti  elan  etmiş  Avropada  hal-hazırda  tam  fərqli  durum  hökm  sürür.  İrqçilik, ksenofobiya, gəlmələrə  qarşı  diskriminasiya  meylləri  nəinki  azalmır  əksinə  daha  da  intensivləşməkdədir.  Bütün  bu  proseslər  kontekstində  qərb  cəmiyyətlərində  şovinizm  təzahürləri  güclənməkdə  və  özünə  tərəfdarlar  toplamaqdadır.


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 55